“Adi bir gün idi, sentyabrın 27-si bazar günü olduğu üçün evdə idim. İşdən zəng etdilər, dedilər ki, harasa getməlisiniz. Ancaq bilmirdik hara, niyə?”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri azərbaycanlı neyrocərrah Azər Zeynalov Baku TV-yə müsahibəsində deyib.

Cərrah Vətən Müharibəsində ilk günlərdən iştirak edib, 20-dən çox beyin əməliyyatı keçirib. 

“Sentyabrın 27-si əks əməliyyat başlayanda 2-3 saat sonra yaralı əsgərlər xəstəxanaya gətirilirdi. Elə də böyük yaraları yox idi, ancaq müharibənin 2-ci, 3-cü günü yaralıların sayı çoxaldı. Yaralıların çoxu başından və onurğasından güllə yarası alan əsgərlər idi”, – deyə o bildirib.

Azər Zeynalov müharibə dövründə həyata keçirdiyi ilk əməliyyatdan və Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışıb: 

“İlk əməliyyatım mənim üçün unudulmaz idi. Hündürboy Qorxmaz adlı əsgər idi, kəşfiyyatçı idi. Sağdır. Hərdən əlaqə saxlayırıq.

Gündə 120-dən artıq yaralı qəbul edirdik. Eyni zamanda bizdə 5-6 km aralıda, poliqonda hərbi hospitala da kömək edirdik. Orda da 100-ə yaxın yaralı qəbul edirdik.

Bir əsgərimiz vardı, ayağından yaralanmışdı. Bilmirdi ki, ayağını amputasiya edəcəklər. Deyirdi ayağımı sarıyın, gedim döyüşə, yoldaşlarımın yanına. Pulemyotçuyam, mənə ayaq lazım deyil, əllərim lazımdı, onlar da sağlamdı. Bütün əsgərlər və zabitlər qardaş kimi idilər”.

O, 2020-ci ildəki Azər Zeynalovla indiki Azər Zeynalov arasında fərq nədir sualına cavabından bildirib ki, indiki Azər daha qürurlu, xoşbəxt və məqsədlidir: “Müharibəyədək sadə bir insan, sadə bir həkim idim. Biz həmişə düşünürdük ki, nəsə çatmır, boşluq var. Ancaq artıq indi o boşluq dolub, tamamdır. İndi biz qalib ölkənin vətəndaşıyıq”.

Daha geniş Baku TV-nin süjetində:

Günə 120-dən artıq yaralı qəbul edirdik – Baku TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın