ABŞ kəşfiyyat çevrələri hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda “daha ​​gözlənilməz hal alacaq və gərginləşəcək”.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ Konqresinə Milli Kəşfiyyatın direktoru Avril Heyns (Avril Haines) deyib.

Heyns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərəsinə diqqət çəkib. O bildirib ki, Rusiyanın növbəti addımını qismən proqnozlaşdırmaq çətin olacaq, çünki “Putin öz ambisiyaları ilə Rusiya ordusunun indiki imkanları arasında uyğunsuzluqla üzləşib”.

Heyns deyib ki, durum Putinin daha güclü addımlar atması ehtimalını artıra bilər: “O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi, ya da potensial olaraq hərbi əməliyyatların eskalasiyası”. Onun sözlərinə görə, kəşfiyyat çevrələri Putinin Rusiyanın mövcudluğuna təhlükə hiss etməsə, nüvə silahından istifadə edəcəyinə inanmır.

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier də qeyd edib ki, ABŞ Rusiyanın nə vaxtsa taktiki və ya nüvə silahından istifadə edəcəyini gözləmir. Heyns həmçinin bildirib ki, Putinin məqsədləri Donbassdan çox-çox kənara çıxır: “Uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.

Onun sözlərinə görə, qısa müddətdə Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək və potensial olaraq tanınmamış Dnestryanıya quru yolunu genişləndirmək istəyir. Ancaq kəşfiyyat çevrələri hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq. Ancaq o, hələ bunu etməyib.

“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, – deyə Heyns bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın