Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RIA Novosti”yə deyib.
“İndi orada baş verən hadisələr ölkənin təhlükəsizliyinə, sabitliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır. Ona görə də belə müraciət gəlib, dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və bundan istifadə etmək üçün uyğun qərar qəbul edilib. KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür”, – Zas deyib.
Təşkilatın baş katibi qeyd edib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər. “Kollektiv sülhməramlı qüvvələrin qruplaşmasının toplam sayı fərqli ola bilər. İndi qəbul edilmiş qərarlara görə, 2500-ə yaxın insan var”, – Zas bildirib.
Eyni zamanda o qeyd edib ki, sülhməramlılar duruma uyğun çıxış edəcəklər. S.Zas bildirib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrin silahlı dəstələrin hücumu zamanı silahdan istifadə etmək hüququ var.
“Hə, bu halda silahdan istifadə olunacaq. Kollektiv sülhməramlı qüvvələrin hərbi qulluqçularının belə hüquqları var”, – deyə o, silahlı dəstələr sülhməramlı qüvvələrin qoruduğu obyektə hücum edərsə, nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.