İsveçin Baş Naziri Ulf Kristersson bəyan edib ki, Finlandiyanın NATO-ya qoşulması İsveçdən daha tez baş verəcək.

YALAN.info bildirir ki, bununla bağlı Baş Nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər şey uyğun ssenari üzrə inkişaf edir və tezliklə Helsinki NATO-nun üzvü olacaq. O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib: “Sadəcə xəritəyə diqqətlə baxın, bizi NATO ölkələri əhatə edir”, –  deyə o vurğulayıb.

Onu da bildirək ki, Finlandiya Prezidenti Sauli Niinistö respublikanın NATO-ya qoşulması haqqında qanunları imzalayıb. Məlumata görə, hələ martın 1-də qanunlar Finlandiya parlamenti tərəfindən təsdiqlənib. İndi respublikanın alyansa daxil olması NATO-ya üzv olan bütün ölkələr tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra qurumun baş katibi Finlandiyanı NATO-ya üzv olmağa dəvət edəcək.

Macarıstanın hakim “Fides” partiyası fraksiyası Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması haqqında protokolların ratifikasiyası məsələsinə ayrı-ayrılıqda baxmağı qərara alıb. Bununla bağlı fraksiyanın rəhbəri Mate Koçiş bildirib. “Biz Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmək qərarına gəldik. Yekdilliklə lehinə səs verəcəyimiz bu məsələ ilə bağlı parlamentdəki müzakirəni martın 27-nə qədər təxirə salacağıq”, – deputat “Facebook”da yazıb. O əlavə edib ki, İsveçin NATO-ya daxil olması ilə bağlı qərarı parlament daha sonra verəcək.

Yadaq ki, az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Finlandiyanın NATO-ya qəbulu ilə bağlı ərizəsinin təsdiqi üçün lazımi proseduru başlatdığını bəyan edib. “Biz Finlandiyanın öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atdığını gördük. Qət olunmuş məsafəyə əsaslanaraq, Finlandiyanın NATO-ya qoşulma protokolunun parlamentimizdə təsdiqi prosesinə başlamaq qərarına gəldik. İsveçlə isə terrorla bağlı məsələlərlə bağlı müzakirələr davam etdiriləcək”, – deyə dövlət başçısı bildirib.

İsveç və Finlandiya 2022-ci il mayın 18-də eyni vaxtda NATO-ya üzvlük üçün müraciət ediblər. Bu günə kimi 30 dövlətdən 28-i hər iki ölkənin NATO-ya üzvlüyünü ratifikasiya edib. Alyans hələ də Türkiyə və Macarıstandan təsdiq gözləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın