Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Tovuz rayonunda yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Məlumata görə, Ermənistan Ordusu Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Eyni zamanda məlumatda bildirilir ki, oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir və tamamilə yalandır. Azərbaycan MN yayılan məlumatı qəti surətdə təkzib edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı daha bir məlumatında bildirilir ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu toplaşdırdığı izlənilib. Bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın