Avropa Birliyinin baş diplomatı Josep Borrel Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə tammiqyaslı təcavüzü dayandırmağa meylli olmaması səbəbindən Ukraynaya daha fəal dəstək verməyə çağırıb.

YALAN.info bildirir ki, bunu “The Guardian”a müsahibəsində deyib.

Diplomat vurğulayıb ki, Ukraynada Avropa Birliyinin (AB) mövcudluğu təhlükə altındadır, ona görə də “böyük gücdən qaynaqlanan” və Avropa demokratiyasını təhdid edən təhlükəyə diqqət yetirilməlidir.

“Biz kursu tez bir zamanda dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək, bu, Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək”, – Borrel əlavə edib.

AB diplomatiyasının rəhbəri izah edib ki, Rusiya prezidenti “Ukraynanın bir parçası” ilə kifayətlənə və ərazinin qalan hissəsinin Avropa Birliyinə aid olmasına icazə verə bilməz. Borrelə görə, Putin ABŞ-də keçiriləcək prezident seçkilərinin onun üçün daha əlverişli şərait yaradacağını gözləyir.

“Ona görə də biz uzun müddət boyunca yüksək intensivli münaqişəyə hazırlaşmalıyıq. Putin müharibəni son qələbəyə qədər davam etdirmək qərarına gəlib”, – o əlavə edib.

Borrel Rusiyanın hər zaman imperiya olduğunu da vurğulayıb. “Rusiya heç vaxt xalq ola bilməyib. O, həmişə çarla, sovetlərlə, indi isə Putinlə imperiya olub. Bu, Rusiyanın dəyişməzliyi, onun siyasi kimliyi və nəticə etibarilə qonşu dövlətlər, özəlliklə də bizim üçün təhlükədir”, – deyə diplomat yekunlaşdırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın