11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi birgə məlumat yayıb.

Verilən məlumata görə, İranın hərbi təyyarəsi iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti öncədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə qarşı olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhlükə törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət boyunca hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və dost olmayan davranışdır. Yada salmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.   

İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, uyğun açıqlama verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona uyğun etiraz notası verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın