Ali Baş Komandanın başçılığı ilə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi üçün bir neçə gün öncə Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) vahid informasiya platformasının yaradılması ilə bağlı bəyanatla çıxış etmiş və bütün gəncləri bu platformaya qoşulmağa çağırmışdır.

“Əziz gənclərimiz! 

Bu gün Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün Vətən müharibəsi aparır. Azərbaycan milləti öz tarixinin şanlı səhifələrini yazır. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz döyüş cəbhəsində bir-birinin ardınca qələbələr qazanaraq, hamımızın qəlbini fəxr hissi ilə doldurur. Biz bu döyüşü çoxdan gözləyirdik. Biz bu qələbələrin 30 ildir ki, həsrətindəyik.  

Amma hazırda döyüş təkcə real cəbhədə aparılmır. Düşmən bizə qarşı təcavüzünü virtual məkanda da aparır. Hər cür yalanlar, çoxsaylı dezinformasiyalar yaymaqla düşmən özünü beynəlxalq ictimaiyyətə qurban kimi təqdim edir, Azərbaycanı və Azərbaycanlıları nüfuzdan salmağa çalışır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyətdə onların yalanlarına uyanlar da az deyil. Amma bu amil bizi ümumi məqsəd, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə daha da sıx birləşdirməlidir. 

Arxa cəbhədə olan bizlərin Vətən qarşısında borcu bu virtual müharibədə vuruşmaq, əsgərlərimizin döyüş meydanında qazandığı uğurları möhkəmləndirməkdir. Çünki düşmən çox hiyləgərdir və sosial mediada “fake” xəbərlər yaymaqla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmağa çalışır. 

Əziz həmvətənlər!

Vətənimiz Azərbaycanın indi hər birimizin dəstəyinə, fəallığına ehtiyacı var. İndi Vətən qarşısında borcumuzun yerinə yetirilməsi vaxtıdır. İndi biz yumruq kimi birləşərək, haqlı mövqeyimizi dünyanın diqqətinə çatdırmalıyıq. 

Ona görə də, hamınızı virtual platformalarda, xüsusilə də sosial mediada fəal olmağa çağırırıq. Erməni yalanlarına qarşı mübarizə aparaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraq. Bunun üçün Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)  platformalarına qoşulmağa, hamınızı sosial media səhifələri yaradaraq erməni yalanlarını ifşa etməyə, dünya liderləri və beynəlxalq təşkilatlardan Erməni təcavüzünə son qoymağı tələb etməyə çağırırıq. Azərbaycan barədə həqiqətlər dostlarınıza, tanışlarınıza, tələbə yoldaşlarınıza çatdırılarsa, erməni yalanlarının dünyada yayılmasının qarşısını almış olarıq.    

Biz hazırda Vətən Müharibəsi aparırıq! Vətənimizin bizə ehtiyacı var! 

Vətən müharibəsindən kənarda qalma və ASPA və ATGTİ-nin aşağıda sadalanan sosial media platformalarına qoşul ki, informasiya ilə təchiz olunub Azərbaycan həqiqətlərinin dünyada yayılmasına töhfə verə biləsən! 

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”

Platformanın başlıca məqsədi Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində Azərbaycan gənclərinin fəallığının təşviq edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın yalanlarının ifşa edilməsi, beynəlxalq ictimaiyyətin Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasına çağırılmasıdır.

Gənclərin informasiya müharibəsində birləşmək çağırışına cavab olaraq, bu gün Macarıstan-Azərbaycan Gənclər Birliyi, Polşada Azərbaycanlı Gənclər Şurası, “Azərbaycan-Böyük Britaniya Məzunlar Assosiasiyası”, “ABŞ Təhsilli Azərbaycan Məzunları”, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası, Litva Azərbaycan Gənclər Təşkilatı, Benilüks Təhsilli Tələbə və Məzunlar Təşkilatı, İsveçrə Təhsilli Azərbaycan Məzunlar Birliyi, Almaniya Azərbaycanlı Tələbələr və Elmi İşçilər Dərnəyi, Fransa Azərbaycanlı Tələbə Assosiasiyası, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi, Ukraynada Azərbaycanlı Gənclər İttifaqı, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Buta Azərbaycan Koreya Tələbə Təşkilatı ASPA və ATGTİ-nin vahid platformasına qoşulmaq barədə qərar veriblər.

Bir daha gənclərimizi virtual platformalarda, özəlliklə də sosial mediada fəal olmağa çağırırıq.

Erməni yalanlarına qarşı birgə mübarizə aparıb, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Biz Vətən müharibəsi aparırıq. Bunun üçün Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)  aşağıda sadalanan platformalarına qoşulmağa, gənclərimizi sosial media səhifələri yaradaraq erməni yalanlarını ifşa etməyə, dünya liderləri və beynəlxalq təşkilatlardan Erməni təcavüzünə son qoymağı tələb etməyə çağırırıq. 

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın