Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli qanunvericiliyə dini qurumlara ianə edilmiş pul vəsaitləri ilə bağlı dəyişiklik təklifinə münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Hacı Şahin APA-ya verdiyi açıqlamasında nəzir qutusundan yığılan vəsaitin əsasən dini icmaların fəaliyyətinə yönəldiyini deyib.

“Bizim məsciddə əvvəldən nəzir qutusu olmayıb. Onun adı “nəzir qutusu” kimi gedir, ancaq bu, insanların könüllü ianəsidir. Ümumiyyətlə dini icmalar ianələr hesabına fəaliyyət göstərir. Müasir dövrdə bunun bank hesabları ilə, onlayn qaydada edilməsi normal haldır. Pandemiya vaxtı bizim icmaya yardımlar məhz köçürmələr vasitəsilə olurdu. Xaricdə yaşayan vətəndaşlar da dəstəklərini bu cür ifadə edirdilər”, – deyə o vurğulayıb.

Hacı Şahin Həsənli qeyd edib ki, bu həm şəffaflığı təmin edəcək, həm də müasir dövrün tələbləri ilə uzlaşır: “Ona görə də hesab edirəm ki, bu, normal haldır. Əgər icmalar prosesə nəzarət edəcəklərsə, proses şəffaf icra olunacaqsa, bu, insanlar üçün də bir arxayınlıq yaradacaq ki, ödədikləri vəsait lazımı istiqamətdə xərclənəcək”.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində qeyd edilib ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın