Şamaxı Şəhər Stadionunda beynəlxalq futbol oyunları keçirmək olar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bununla bağlı arenaya verilmiş uyğun sənədi öz rəsmi saytında paylaşıb.

Stadionda quraşdırılmış süni ot örtüyü Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FIFA) tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb. FIFA-nın verdiyi bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Bildirək ki, 2022-ci ildən “Keşlə” FK-nın adının dəyişdirilərək “Şamaxı” Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı Şəhər Stadionunda keçirməsi qərara alınıb. “Şamaxı” FK-nın “Keşlə” Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və “Keşlə” FK uyğun qaydada UEFA-ya müraciət edəcək və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra dəyişikliklər həyata keçiriləcək.

Onu da bildirək ki, 2200 nəfər azarkeş tutumu olan Şamaxı Şəhər Stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə tikilib. Burada UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları keçirilə bilər.

Yada salaq ki, Şamaxı Şəhər Stadionunun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın