Füzuli hava limanına beynəlxalq status verilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanın Baş naziri Əli Əsədov bununla bağlı uyğun qərar imzalayıb.  

Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına qatqı sağlayacaq.    

Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.  

Bundan başqa, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı – Füzuli ilə bağlıdır.  

Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük önəm daşıyır, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və b. tərəfindən istifadə olunur. Daha öncə Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.  

Füzuli hava limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanı var.

Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi – Airbus A340-500 burada eniş yerinə yetirib.  

Hava limanında ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilmişdir. Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulmuşdur. Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin tikintisi başa çatmışdır. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq.  

Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.  

Füzuli hava limanından başqa, indi Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Bu hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən “ASG Helicopter Services” (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın