Gəncə Şəhər İcra Hakimiyyəti şəhərdə Azərbaycan Prezidenti İlham Əliyevin səfərindən öncə yola əkilən ağacları Prezidentin səfəri bitən kimi yığışdırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Gəncə sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları videodan sonra böyük müzakirələr yaranıb. Yayımlanan videoda açıq-aydın görünür ki, yol qırağına küknar ağaclarını dibçəklərindəcə gətirib, görüntü veriblər, Prezidentin səfəri başa çatan kimi isə maşına yığıb aparırlar.

Gəncə Şəhər İcra Hakimiyyətindən Axar.az saytına bildirilib ki, həmin ağaclar əraziyə əkilmək üçün gətirilib, ancaq mütəxəssislər məsləhət bilməyiblər: “Sözügedən ərazidə torpaq səthinin altı daşlıqdır. Burada həmin ağacların tutma ehtimalı aşağı olduğu nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və nəzarəti altında ağacların başqa əraziyə köçürülməsi təmin edilib. İndi həmin ərazidə gül kolları əkilir”.

İcra Hakimiyyətinin (İH) mediaya verdiyi açıqlama isə bu yerli məmurların iş görmək yox, növbəti söz oyunu və aldatmasından başqa bir şey deyil. Öncə elan edirlər ki, “araşdırma aparılır”, daha sonra bildirirlər ki, görüntülər ağacların əkilməsini mütəxəssislər məsləhət bilmədiyi üçün çıxarılıb başqa əraziyə köçürülərkən çəkilib.

GƏNCƏDƏ PREZİDENTİ YOLA VERƏN AĞAC ƏMƏLİYYATI

Ağacların dibçəkdə olduğunu “dərk edəndən” sonra isə növbəti açıqlamada “düzəliş edirlər”. Guya ağaclar gətirilib, əkən anda mütəxəssislər özlərini təng-nəfəs yetiriblər. Mütəxəssislər “əkicilər”in əlindən tutub, yerin daşlıq olduğunu və ağacların tutmayacağını deyib and-aman ediblər və İH də bu rəyi rəhbər tutaraq, ağacları başqa yerə aparıb; əvəzində orada gül kolları əkəcək.

Bu cavabın özünə inansaq belə, yenə İH-in qeyri-peşəkarlığı üzə çıxır və lətifəni xatırladır: Günlərin birində bir dovşan meşədə dayanmadan qaçır. Tülkü bu haləti görüb soruşur ki, nə baş verib? Dovşan deyir, meşəyə adamlar gəlib, kimin 3 qulağı varsa, kəsirlər. Tülkü soruşur, ta niyə narahatsan, axı sənin iki qulağın var? Dovşan da qayıdır ki, bunlar əvvəlcə kəsirlər, sonra sayırlar.

Siz ağac əkməyə başlayandan sonramı mütəxəssisə müraciət edirsiniz? Ağacları gətirib, yer qazıb əkməyə başlayanda niyə mütəxəssis gəlməlidir ki? Əvvəlcədən mütəxəssislər yerə baxış keçirə, hansı yerdə ağac əkməyin daha uyğun olduğu ilə bağlı rəy verə bilməzdilərmi?

İkincisi, küknar və şam ağacları qumun içində belə bitir. O ağaclara yüngülcə qulluq etmək kifayətdir ki, daşı dəlib keçsin. Siz hansı məntiqlə bu cavabı hazırlamısınız?

Üçüncüsü, məgər ağac yalnız münbit torpaqda, meşədə əkilməlidir? Ərazi daşlıqdırsa, daşlardan təmizləyin. Ağac əkilərkən çıxan daşları kənara qoyun, yerinə münbit torpaq tökün. Bunu etmək üçün qətiyyən peşəkarlara, mütəxəssislərə müraciət etməyə gərək də yoxdur: sadəcə, ağac necə əkilməlidirsə, o cür də etmək gərəkdir.

Dördüncüsü, küknar-şam ağacının “daşlıq olduğu üçün” bitmədiyi yerdə gül kolları əkmək istəyirlər. Gül daş üstündə bitir məgər?

Gəncə – Azərbaycanın ikinci böyük şəhəri, Cümhuriyyətin ilk paytaxtı, füsunkar təbiəti və gözəlliyi olan bir məkandır. Prezident İlham Əliyevin bu şəhərə verdiyi önəm 18 illik prezidentliyi dönəmində bu şəhərə 18 dəfə səfər etməsindən aydın deyilmi? Bu şəhərə bir milyard sərmayə bahasına su xəttinin çəkilməsi həyata keçirilir, abidələr bərpa olunur, şəhərdə sosial-iqtisadi layihələr, obyektlər tikilir, yollar yenilənir… Prezidentin bu qədər qayğısı fonunda iki cüt bir tək ağac əkməyi bacarmamaq nə deməkdir?

İcra başçısı – Prezidentin yerdəki nümayəndəsi, təmsilçisidir və özünü Prezidentə layiq aparmağı bacarmalıdır. Bu oyunları Bakıdakı rəhbərlik görməyə bilər, ancaq yerli sakinlər görür və yerli məmurlara bu addımlarına görə münasibəti formalaşır. Öz rəhbərini aldatmaq üçün dibçəkdə ora-bura ağac daşıyan yerli məmurlara sakinlərin hansı inamı ola bilər?

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfər etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın