ABŞ prezidentinin müşaviri, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi (Anthony Fauci) koronavirusa (COVID-19) qarşı peyvəndləmənin gücləndiririləcəyi halda pandemiyanın yaz aylarında bitəcəyini bildirib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xarici mətbuata istinadla bildirir ki, mütəxəssis həm koronavirus peyvəndlərinin ilk iki dozasının, həm də gücləndirici dozanın effektindən danışıb. O qeyd edib ki, peyvəndlənmə artarsa, koronavirusun yoluxuculuq sürəti pandemiyanın əhatə dairəsindən qıraqda qala bilər:
“Peyvəndlənmə nisbəti artarsa, gələn ilin yazında COVID-19 pandemiya kateqoriyasından endemik kateqoriyaya keçə bilər. İndi ABŞ-da əhalinin 70 faizindən çoxu tam peyvənd olunub. Əgər Amerikada peyvəndlənmə sürətlənərsə, hökumət gücləndirici peyvəndləri hamı üçün əlçatan etsə, koronavirus 2022-ci ilin yazında nəzarət altına alına bilər.
Buna baxmayaraq, COVID-19-un yoluxuculuğu tamamilə dayanmayacaq və xəstəliyin cəmiyyətə təsiri davam edəcək. Müəyyən bir nöqtədən sonra qrip və ya qızılca kimi olacaq. Gücləndirici peyvəndlər isə zəifləyən antikorların təsirini artırmaq üçün həyati önəm daşıyır”.
E.Fauçi hesab edir ki, COVID-19-un endemik kateqoriyasına düşməsi üçün yoluxmaların çox aşağı səviyyələrə enməsini gözləməli olacağıq: “Virusun cəmiyyətə, ya da iqtisadiyyata təsiri olmamalıdır. İnsanlar yenidən xəstələnəcək, yenidən xəstəxanaya yerləşdiriləcək, ancaq say o qədər az olacaq ki, gündəlik həyatımıza təsir etməyəcək. Bunun baş verməsi üçün hər kəs peyvənd olunmalıdır. Başqa ölkələr üçüncü vaksin dozasını verməyə başlayıb. Düşünürəm ki, biz də bunu etsək, yazda pandemiyanı nəzarət altına ala bilərik”.