Qazaxıstan Respublikasının eks-prezidenti – Elbaşı Nursultan Nazarbayevin hər üç kürəkəni tutduğu rəhbər vəzifələrindən getdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün, yanvarın 17-də “Atameken” Milli Sahibkarlar Palatasının saytında yayımlanan məlumata görə, Timur Kulibayev palatanın rəhbəri vəzifəsindən istefa verib.

“Mən bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin seçilmiş sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, – deyə Kulibayev bildirib.

O, göstərilən etimada görə qurultay nümayəndələrinə və rəyasət heyətinin üzvlərinə təşəkkür edib, həmçinin bildirib ki, Milli Sahibkarlar Palatasının ali nəzarət orqanına səkkiz il rəhbərlik etmək onun üçün böyük şərəf və məsuliyyət olub. Timur Kulibayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinara ilə evlidir.

Ondan öncə isə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin iki kürəkəninin vəzifəsindən getdiyi bilinmişdi. Belə ki, Elbaşının kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov “KazTransOil” dövlət şirkətinin baş direktoru – İdarə Heyətinin sədri vəzifəsini tərk etmişdi. Bununla bağlı “Samruk-Kazına” Fondunun açıqlamasında deyilir.

“KazTransOil” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına uyğun olaraq, təqdim etdiyi ərizə ilə Dosanov D.Q.-nin “KazTransOil” SC-nin baş direktoru səlahiyyətlərinə vaxtından öncə xitam verilib”, – deyə məlumatda bildirilib.

Fonddan o da vurğulanıb ki, göstərilən tarixdən etibarən həm də Kayrat Şaripbayevin səhmdarı olduğu “QazaqGaz” Milli Şirkəti (keçmiş adı – KazTransQaz) ASC-nin İdarə Heyətinin sədri kimi səlahiyyətlərinə vaxtından öncə xitam verilib. Qazaxıstan mediasının məlumatına görə, Şaripbayev keçmiş prezidentin böyük qızı, parlamentin deputatı Dariqa Nazarbayevanın ikinci əridir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın