“Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.

YALAN.info bildirir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib.

“Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, – o söyləyib.

D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq: “Ukrayna öz azadlığını, ərazisini, suverenliyini, ailələrimizin həyatını və torpaqlarımızı müdafiə edəcək. İstənilən halda biz işğalçı üzərində tam qələbəyədək mübarizə aparacağıq”.

Yada salaq ki, daha öncə də bir sıra mənbələr 9 mayın Ukraynadakı müharibənin taleyi ilə bağlı “əlamətdar” tarixə çevrilə biləcəyini deyib. CNN-in öz mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sözügedən tarixin əhəmiyyətindən də istifadə edərək önəmli açıqlama verə bilər.

Bu, hansısa bir uğurun qazanılması, hərbi əməliyyatların daha da şiddətlənməsi, ya da başqa bir açıqlama ola bilər. Gözlənilən variantlar arasında ən güclüsü Rusiyanın 9 mayda Ukraynaya rəsmi şəkildə müharibə elan etməsidir. Belə ki, faktiki olaraq müharibə getsə də, Rusiyada bunu “xüsusi hərbi əməliyyat” adlandırırlar.

Onu da yada salaq ki, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək ehtimalının olub-olmaması sualını cavablandıran Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov vurğulayıb: “Yox”. “Bu cəfəngiyatdır”, – deyə təkrar edib.

Rusiya-Ukrayna müharibəsi necə başladı

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı – “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb.

Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub. Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Onu da bildirək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq çoxluğu Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın