Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinin fəaliyyəti general-mayor Andrey Volkovun da dövründə “ənənə”lərinə sadiq qalıb.

Bu ilin yanvarında həmin vəzifədə general-leytenant Gennadi Anaşkini əvəzləyən A.Volkov da komandanlıq keyfiyyətlərinin heç də sələfindən seçilmədiyini ortaya qoyub.

Hər bir komandanın işinin meyarı onun tabeliyindəki kontingentin fəaliyyəti ilə birbaşa bağlıdır. Belə olan halda Rusiya sülhməramlılarının Qarabağda imza atdıqları çoxsaylı “uğurlar”ın da başlıca günahkarlarından birinin indi bu kontingentə başçılıq edən A.Volkov olduğunu deyə bilərik.

Başı ermənilərə “humanizm” göstərməyə qarışan, keçmiş Ağdərə ərazisində erməni məktəblilərə “Sülh dərsi” keçən, ermənilər üçün istənilən növ çatdırılma xidməti canla-başla yerinə yetirən Rusiya sülhməramlıları məsələ öz vəzifə öhdəliklərinə gəldikdə bu cür “peşəkar” fəaliyyət göstərə bilmir.

Üstəlik, onsuz da bərbad vəziyyətdə yerinə yetirilən sülhməramlı missiya general-mayor A.Volkovun dövründə daha da rüsvayçı bir xarakterə bürünür. Rusiya sülhməramlıları Qarabağda erməni “kəndli”lərin kənd təsərrüfatı işləri zamanı təhlükəsizliyini yüksək səviyyədə təşkil etmələri barədə hesabatlar dərc etsələr də, Azərbaycan tərəfi həmin “kəndli”lərin əsl niyyəti barədə kifayət qədər məlumatlara sahibdir.

Kənd təsərrüfatı adı altında erməni separatçıların apardığı mühəndis-istehkam işləri, Rusiya sülhməramlılarının buna göz yumması, bu cür işlərin qarşısının yalnız Azərbaycan tərəfinin müdaxiləsindən sonra alınması A.Volkovun əsgərlərinin sülh missiyasına kölgə salır, hətta artıq kölgəni də bir kənara atıb bu missiyanın məramını birbaşa qaranlığa qərq edir.

A.Volkovun rəhbəri olduğu sülhməramlılar erməni yaraqlıların atəşkəs pozması halları qarşısında da aciz görünür. Hər halda sülhməramlılar sağlığına badə qaldırdıqları ermənilərin sərxoş vəziyyətə düşüb silahı işə salmağına əngəl ola bilmir – ya qorxur, ya bacarmır, ya da sadəcə göz yumurlar.

Hər üç halda bu Rusiya sülhməramlı kontingenti üçün böyük rüsvayçılıqdır. Rusiya kimi nəhəng ölkənin hər biri xüsusi hazırlıq keçmiş hərbi kontingentinin (məramı sülh olsa belə), hansısa erməni yaraqlılarının qarşısında “aciz qalması” və ya özbaşınalığa göz yumması ilk növbədə Rusiya ordusunun, onun bütün komandanlığının adına ləkədir.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub. Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Erməni separatçıların sutka ərzində 24 dəfə atəşkəsi pozmağa cəsarət etməsinə zəmin yaradan, göz yuman, səbəb olan məhz Rusiya sülhməramlılarıdır. Çünki 44 günlük müharibədə yaşadıqları acizliyi, düşdükləri çıxılmaz anları yaxşı xatırlayan ermənilər təkbaşına Azərbaycan ordusuna güllə atacaq cürətə sahib deyil. Onlara bu cürəti verən A.Volkovun rəhbər olduğu sülhməramlı kontingentin görməli olduğu şeyləri görməməsi, eşitməli olduqlarına qulaqlarını tıxamasıdır…

Belə olan halda isə Rusiya generalının komandan olduğu kontingent sadəcə təsirsiz bir mexanizmə, bir qədər açıq desək ermənilərin əlində oyuncağa çevrilir. Hər halda istədikləri zaman onlardan özlərinə qalxan kimi istifadə edib Azərbaycanın mövqelərinə atəş aça bilirlərsə, ən azından bu düşüncə ağıllarından belə keçirsə, o zaman sülhməramlılara başqa ad vermək olmur.

Özünə komandan deyən şəxs həm idarəetməni bacarmalı, həm qətiyyətli olmalı, həm peşəsinə hörmətlə yanaşmalı, həm də hərbçi adı yüksək tutmalıdır. Rusiyalı general A.Volkovun kontingentini necə idarə etdiyi göz qabağındadır, belə olan halda isə qətiyyət nümayiş etdirməsindən söhbət belə gedə bilməz. Öz işinin öhdəsindən gəlməyən komandanın peşəsinə hörmətlə yanaşmasını söyləyə, hərbçi adını yüksək tutmasını da iddia edə bilmərik.

O zaman A.Volkovun Qarabağda hansı işlə məşğul olduğunu araşdırmaq gərəkdir. Əgər A.Volkov əməkdaşları Rusiya sülhməramlı kontingentinin hərbçiləri olmaqla kuryerlik şirkəti açıb ona rəhbərlik edirsə, o zaman onu parlaq gələcək gözləyir. Yox əgər o, Rusiya sülhməramlı kontingentinin rəhbəri, hərbçi adına yüksək qiymət verən generaldırsa, o zaman icra etdiyi fəaliyyət çiynində daşıdığı ulduzun ölçüsü ilə heç bir şəkildə uyğun gəlmir. Nəticə çıxır ki, A.Volkov general poqonlarının ağırlığını daşıya, rütbəsinin ona yüklədiyi vəzifələri icra edə bilmir.

A.Volkov və tabeliyindəki hərbi kontingent dünyada sülhməramlı missiyaların tarixində görülməmiş yarıtmaz fəaliyyətlə tarixə düşürlər. Ancaq tarixə bu cür düşmək nə A.Volkova, nə də rəhbəri olduğu kontingentə başucalığı gətirə bilməz.

Ancaq istənilən halda ərazidə tarixin şanlı səhifələrinə adını qızıl hərflərlə yazdıran Azərbaycan ordusu da var. Ordumuz məsələlərə yerindəcə adekvat cavab verir, istənilən təxribatın qarşısını dərhal ala bilir.

Əgər Rusiya sülhməramlıları hərbçi peşəsinin məsuliyyətini dərk edə, A.Volkov komandanlıq işinin necə olduğunu bilmirsə, öyrənmək üçün Azərbaycan ordusunun fəaliyyətinə baxa bilərlər… Hər halda bilməmək ayıb deyil, öyrənməmək ayıbdır…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın