“İlk yarıda çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. 4-5 qol şansından yararlanmalı idik”.

YALAN.info bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis birinci yarıda yaxşı oyun sərgilədiklərini bildirib: “İkinci yarının başlanğıcında kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik”.

De Byazi heyət seçimində yanılmadığını düşünür: “Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk “11-lik” oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla bitirməyi bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Udmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbiləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq”.

O, iyunun 6-da Belarusla keçiriləcək oyunda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.

Məhəmməd Adıyev: “Azərbaycanın yığmasının baş məşqçisi çox danışır

“Azərbaycanın yığmasının baş məşqçisi çox danışır. Oyundan öncə də çox danışırdı. Biz az danışıb çox iş görürük. Bununla bağlı deyəcəyim başqa heç nə yoxdur”.

Bunları Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında Canni De Byazinin “şans amili də öz rolunu oynadı” ifadəsinə münasibət bildirərkən deyib.

45 yaşlı mütəxəssis ikinci yarıda yaxşı çıxış etdiklərini söyləyib: “İlk 25 dəqiqədə yaxşı oyun sərgilədik. Sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı”. Rusiyalı baş məşqçi oyunun məzmunundan tam razı qalmadığını vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın