Rusiyanın “RIA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb.

YALAN.info bildirir ki, bununla bağlı “Caliber.az” saytı xəbər verib.

Onu da bildirək ki, “RIA Novosti” daha öncə erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini yayımlayıb.

Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi dəyərləndirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “RIA Novosti” agentliyinin bu təxribatçı açıqlamaları tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə saldığını deyib.

Qeyd edilib ki, agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə separatçılıq təhdidlərinə qarşı mübarizə müddəaları ilə ziddiyyət kimi dəyərləndirilib.

Yada salaq ki, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə ilə bağlı qərəzsiz, operativ xəbərlər yayan Azərbaycanın mətbu orqanları Rusiya Federasiyası ərazisində bloklanıb. Belə ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) ölkə qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən Rusiyada Caliber.az, Oxu.azHaqqin.azBaku.wsMinval.az və Musavat.com saytlarına girişi bloklayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın