Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesi başa çatıb. 

YALAN.info bildirir ki, ölkəmizdə səsvermə səhər saat 08:00-dan axşam saat 19:00-a kimi keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov Rusiyanın News.ru saytına bildirib ki, ölkədə növbədənkənar prezident seçkisində səs vermək istəyənlərin sayı çox olduğuna görə Azərbaycan sakinləri seçki məntəqələrində növbəyə dayanıblar. Onun sözlərinə görə, özü səs vermək üçün bir saat növbə gözləyib. Eyni zamanda, Cavadov vurğulayıb ki, seçicilərin çoxluğu Mərkəzi Seçki Komissiyası üçün gözlənilən olub. “Biz böyük seçici axını gözləyirdik. Məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Mən şəxsən səs vermək üçün bir saata yaxın növbədə durmuşam”, – deyə Azərbaycan MSK-nın üzvü deyib.

Azərbaycanın müasir tarixində ilk dəfə ölkənin bütün ərazisində səsvermə keçirilib. 2020-ci ildəki 44 günlük müharibə və ötən il aparılan antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb və vətəndaşlar bu bölgələrdə səsvermə prosesində yüksək fəallıq nümayiş etdiriblər. Azərbaycanda toplam 6,4 milyona yaxın seçici var. İndi verilən səslərin hesablanması prosesi davam edir.

Oracle Advisory Group: “Exit-Poll” un nəticələrinə görə İlham Əliyev 93,9 faiz səs toplayıb

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb. Nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb. Zahid Oruc 1.8, Fazil Mustafa 1.5, Qüdrət Həsənquliyev 1.2, Razi Nurullayev 0.9, Elşad Musayev 0.4, Fuad Əliyev 0.3 faiz səs yığıb.

ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri demokratiyanın qələbəsidir: “Qarabağda qələbə İlham Əliyevə inanılmaz dəstək göstərib. Qarabağla yanaşı, Azərbaycanın digər ərazilərindəki vətəndaşları da ona inamını ifadə edib. 2024-cü ilin nəticələri bu mənada təəccüb doğurmur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın