Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Kriştiano Ronaldo və Lionel Messini qarşılaşdırıb.

YALAN.info bildirir ki, qrossmeyster Championat.com-a müsahibəsində argentinalını tarixin ən yaxşısı hesab etdiyini deyib:

“Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Daha əvvəl Kriştianoya üstünlük verirdim. Ancaq finalda Fransanı udduqdan sonra Messi hər şeyi hamıya sübut etdi. Lionel Messi tarixin ən böyük futbolçusudur. Bununla belə, mən Ronaldoçuyam. Kriştianonun bədəninə necə qulluq etdiyi, hər uçuşdan sonra buz vannası qəbul etdiyi, “Real Madrid”də məşqə birinci gəldiyi və b. barədə oxumuşdum. O, super peşəkardır. Qazandığı titullara tamamilə layiq olan tarixi şəxsiyyətdir. Belə insanlar yüz milyonda birdir. Ronaldo insanın nələrə nail ola biləcəyinin nümunəsidir.

Məndə belə bir duyğu var ki, onun karyerası heç də bacardığı kimi bitmir. Çox şey əldə etdi, dünya çempionluğundan başqa. Futbol komanda oyunudur. Qətərdə Argentina millisi çox yaxşı oynadı. Bəxtdən də çox şey asılıdır. Əgər fransızlar son saniyələrdə yüz faizlik şansı qola çevirsəydilər, indi deyəcəkdik ki, Messi heç vaxt dünya çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Ancaq onun gözəl idman həyatı olub”.

36 yaşlı şahmatçı böyük futbol turnirlərinin final mərhələlərini izlədiyini deyib: “Qətərdəki dünya çempionatına baxdım. Həmişə olduğu kimi, Braziliyaya azarkeşlik edirdim. Əgər Azərbaycan millisi dünya çempionatında olsaydı, öz komandamı dəstəkləyərdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırdıqdan sonra konkret futbolçulara baxırdım. Məsələn, Kilian Mbappenin oyununa baxmamaq, sadəcə, mümkün deyil. Onun və Lionel Messinin meydanda etdikləri fantastikdir. Messiyə görə şadam ki, parlaq karyerasında artıq hər şeyi qazanıb”.

İdmançı şahmata olan marağını itirmədiyini söyləyib. Onun sözlərinə görə, oynamaq, təkmilləşmək, yeni nəsə tapmaq, yeni mövqelərə baxmaq hər zaman maraqlıdır. İdealda isə, o, dünya çempionu olmaq istərdi – bu, onda olmayan yeganə tituldur: “Dünya kubokunu, super turnirləri də qazandım. Sadəcə şahmatı çox sevirəm. Mən özümü onlarsız düşünə bilmirəm. Getmək düşüncəsi olanda belə, yaxşı nəticələr məni geri qaytardı”.

Dünyanın varlı şahmatçısı kimi təxminən 20 milyon dollarlıq sərvətinin nə qədər doğru olması sualının cavabında Rəcəbov bildirib ki, bu sadəcə söz-söhbətdir, pis şahmat araşdırmasıdır. Teymurun dediyi kimi, özü müxtəlif gəlirli sahələrlə məşğuldur və hansı sahədən daha çox qazandığını müqayisə etməyib, buna görə də dəqiq deyə bilməz. Ancaq təbii ki, aparıcı qrossmeysterlər yalnız şahmat hesabına yaşaya bilərlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın