Azərbaycan tərəfi Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində ölərək ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək bu ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Dövlət Komissiyasından bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəkdir.

Onu da bildirək ki, bir neçə gün öncə Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatı zamanı ölən erməni hərbçilərinin sayı açıqlanıb. Bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının toplantısının yekunlarına dair bəyanatda deyilir. Bildirilir ki, guya sentyabrın 12-dən 13-nə keçən gecə döyüşlərdə 207 nəfər erməni hərbçi ölüb və ya itkin düşüb, 293 nəfər yaralanıb.

Yada salaq ki, Azərbaycan Respublikası sentyabrın 17-də Ermənistan hərbçilərinə aid 32 meyiti qarşı tərəfə təhvil vermişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın