“Zirə” FK – “Qarabağ” FK oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında VII tur sona çatıb.

YALAN.info bildirir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən günün ikinci qarşılaşması “köhlən atlar”ın 7:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.

Musa Qurbanlı təkcə bu deyil, son 8 mövsüm bir oyunda 4 qol vuran ilk oyunçu olub. Bu Azərbaycan çempionatları tarixində 38-ci poker olub. Beləliklə, Musa Misli Premyer Liqasında vurduğu topların sayını 7-yə çatdırıb və indi o, bombardirlər siyahısında komanda yoldaşı Ramil Şeydayevlə ilk sıradadır.

Onu da yada salaq ki, Azərbaycan Çempionatları tarixində bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub. AZAL-ın futbolçusu 2014/15 mövsümündə fərqlənib. O, 2676 gün öncə – 2015-ci il mayın 22-də “Simurq”la 5:0 bitən qarşılaşmada 4 qol vurub.

Bildirək ki, günün ilk oyununda “Kəpəz” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Qəbələ” “Sumqayıt”ı 1:0, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə udmuşdu.

İndi rəqiblərindən bir oyun az keçirən “Qarabağ” xallarının sayını 18-ə yüksəldib və “Neftçi”yə çatıb. “Sabah” 16 xalla 3-cü, “Qəbələ” (12 xal) 4-cü və 10 xal toplayan ” Turan Tovuz” isə 5-ci yerədir. “Zirə” 10 xalla 6-cı sıradadır.

Zirə 1:7 Qarabağ | Misli Premyer Liqası, 7-ci tur | İCMAL

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın