Azərbaycanda hərbi vəziyyət 12 dekabr saat 00:00-dan ləğv edilib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də fərman imzalayıb. 

Fərmana uyğun olaraq, hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv olunub.

Fərman dekabrın 11-də Milli Məclisin plenar toplantısında səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda hərbi vəziyyət 27 sentyabrdan – düşmənin bütün cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq ordumuzun başlatdığı əks-həmlə əməliyyatlarından sonra tətbiq olunurdu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, toplamda, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində önəmli strateji yüksəklikləri işğaldan azad edib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər boyunca qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, özəlliklə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın