Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən toplantısında deputatlar yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsindəki “ağlabatan” söz birləşməsinə qarşı çıxıblar.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, deputat Rafiq Məmmədhəsənov deyib ki, bu sözü başqası ilə dəyişmək gərəkdir: “Ağlabatan, ağlabatmayan… Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb…Bu, düzgün deyil”.

Deputat Aytən Mustafayeva da bu söz birləşməsinə qarşı çıxıb: “Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hər kəs başa düşə bilsin. Ancaq bunun əksini görürük”.

Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: “Bu gün Azərbaycan dilinin leksikonuna salınmayan elə sözlər var ki, onları başqa cür deməyə çətinlik çəkirik. “Tormoz” sözünü “Əyləc” sözü ilə necə dəyişdiksə, zamanla bunları da dəyişəcəyik”.

Vurğulayaq ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanununda 6 yerdə “ağlabatan” söz birləşməsi işlədilmişdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın