Avropa Birliyi bu gün Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi edib.

YALAN.info bildirir ki, bununla bağlı Avropa Birliyinin (AB) saytında xəbər verilib.

Görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.

Özəlliklə, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, bugünkü görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Hikmət Hacıyev və Armen Qriqoryan substantiv müzakirələr zamanı 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərinin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycanla Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti kimi məsələlərin spektrini nəzərdən keçiriblər. Belə ki, ölkə liderlərinin növbəti həftələrdə yenidən görüşü barədə razılığa gəlinib. Aprelin 6-da keçiriləcək görüşdə öncə qaldırılan məsələlərlə yanaşı, sülh sazişinin perspektivləri ilə bağlı danışıqlar davam etdiriləcək.

Yada salaq ki, 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib. Avropa Birliyinin bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Eyni zamanda Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın