Ermənistanın baş naziri üç ildir Gürcüstanla ticarət dövriyyəsini 1 milyard dollara qaldıra bilmir. O, gürcülərlə ermənilərin dostluğundan və tarixi ənənədən də dəm vurur.
 
İl ərzində dördüncü dəfə Gürcüstana gedən Ermənistanın baş naziri Nikol Paşinyanın bu səfəri əvvəlkilərdən bir qədər fərqlənib. Prezident İlham Əliyevlə Moskva və Brüsseldə aparılan danışıqlar, eləcə də, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ərəfəsində baş tutan qəfil və təcili görüşü çoxları “kritik” adlandırır.

Gürcüstan və erməni mediasında ekspertlər bu səfəri Tbilisini “3+3” (Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə, Ermənistan) formatına razı salmaq, yeni nəqliyyat marşrutlarının açılması ilə bağlı müzakirə aparmaq cəhdi kimi qələmə verir. Ciddi problem həm də odur ki, iki ölkə arasında ticarət münasibətləri ən aşağı həddə düşüb və Paşinyan da çıxış yolu axtarır.

1 milyard dollarlıq ticarət xəyal olaraq qalır

Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə danışıqlarına gəldikdə, erməni baş nazir iddia edib ki, iki ölkə arasında münasibətlərdə heç vaxt indiki kimi dinamika olmayıb. Əlavə edib ki, iqtisadi və siyasi münasibətlərin ənənəvi yüksək səviyyəsini daha da institutsionallaşdırmalıyıq. Ən əsası Paşinyan iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı prioritet elan edib.

Maraqlıdır ki, Nikol Paşinyan bu rəqəmi hələ 2019-cu ildə həyata keçirməyi elan etmişdi. Lakin bu iki il ərzində iqtisadi əməkdaşlıqda heç bir yenilik baş verməyib. Baş nazir yenə də bu məsələni ortaya atıb və ambisioz hədəf müəyyən edib. Bildirib ki, 2026-cı ilə qədər ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq qərara alınıb. Hədəfə çata bilmədiklərinin günahını isə koronavirusun üstünə yıxıb.

Nikol Paşinyan bəyan edib ki, 1 milyard dollarlıq ticarət dövriyyəsi çox önəmli və iddialı vəzifədir, onun həlli üçün ciddi səylər göstərməliyik: “Düzdür, bu ilin 10 ayında qarşılıqlı ticarətin göstəricisi əvvəlki üç ilin göstəricilərini ötüb, lakin biz hələ də 1 milyard dollar həddindən çox uzağıq və bu istiqamətdə ciddi işləməliyik”.

Beləliklə, görünən odur ki, ikitərəfli ticarət münasibətləri həddən artıq aşağıdır və Nikol Paşinyan da çıxış yolunu kommunikasiya xətlərinin açılmasında görür.

Erməni qardaşlığı, yoxsa separatizm?

Danışıqlar zamanı ən maraqlı nüanslardan biri Nikol Paşinyanın tarixi erməni-gürcü dostluğundan dəm vurmasıdır. Nədənsə Nikol soydaşlarının illər uzunu separatizmlə məşğul olmasından, gürcü torpaqlarının işğalında oynadıqları roldan danışmaq istəməyib. Problemlər son 30 il ərzində mütəmadi yaşanıb.

Nikol “xalqlarımızı əsrlər boyu qardaşlıq telləri birləşdirib, bu, təkcə rəsmi dövlətimiz səviyyəsində deyil, həm də insani münasibətlər müstəvisində ifadə olunur. Ciddi insani, şəxsi, qarşılıqlı etimad var və biz bu inam və hörməti dəyərləndirməliyik” deməkdən də çəkinməyib.

“Xüsusi vurğulamaq istəyirəm ki, Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün ən önəmli ilkin şərtlərdən biri xalqlarımızın tarixi qardaşlığına əsaslanan qarşılıqlı etimaddır (xalqlarımızın etimadıdır). Rəsmi protokoldan bir qədər yayınaraq, münasibətimizin şəxsi və emosional tərəfini vurğulamalıyam. Və bu, təkcə mənim Baş nazir Qaribaşvili ilə münasibətlərimə deyil, həm də hökumətlərimizin bir çox üzvlərinin münasibətlərinə aiddir”, – deyə Paşinyan iddia edib.

Paşinyanın planı reallaşacaq?

Nikolun ən önəmli açıqlamalarından biri Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair anlaşmanın əldə olunması ilə bağlıdır. “Və biz artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılığa gəlmişik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Dəmir yolunun bərpasını 2-3 il ərzində yekunlaşdıracağımıza ümid edirik”, – deyə Paşinyan bildirib.

Onun Gürcüstanda Azərbaycanla Ermənistan arasında avtomobil yolunun işə salınmasından danışması da maraq doğurur. Diqqətçəkən məqam isə baş nazirin Şimal-Cənub yolunun Ermənistan-İran sərhədindən Gürcüstan-Ermənistan sərhədinə qədər olan hissəsi ilə bağlı söylədikləridir. Nikolun mülahizələrinə görə, Azərbaycanla avtomobil nəqliyyatı əlaqəsi barədə anlaşmanın mümkün olacağı təqdirdə, bu layihə, yəni Şimal-Cənub yolu Şimal-Cənub-Şərq-Qərb marşrutuna çevriləcək. 

“Vestnik Kavkaza”nın baş redaktoru Andrey Petrovun qeyd etdiyi kimi, Nikol Paşinyanın “Şərq-Qərb” adlandırdığı marşrut Zəngəzur nəqliyyat dəhlizidir. “Nikol Paşinyanın Brüsseldən sonra verdiyi bütün bəyanatlara görə, hakimiyyət Ermənistan cəmiyyətini Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına ciddi hazırlamağa başlayıb. Hətta bu kommunikasiyaların müəyyən brendinqi var: Zəngəzur nəqliyyat dəhlizinin yolu. Bunun vasitəsilə Ermənistan bir tərəfdən Xəzər sahillərinə və Rusiyaya, başqa tərəfdən isə İrana çıxış əldə edəcək”, – deyə o bildirib.

Gürcüstanın 3+3 platformasında iştirakına çalışır?

Bəzi ekspertlər hesab edir ki, Nikol Paşinyan qapalı görüşlərdə rəsmi Tbilisinin “3+3” platformasına mövqeyini də öyrənmək istəyib. Gürcüstan bilinən səbəblərə görə platformanın Moskvadakı ilk toplantısında iştirak etməyib. Növbəti toplantı Ankarada keçiriləcək və türkiyəli rəsmilər çalışırlar ki, budəfəki toplantıda Gürcüstan təmsil olunsun.

Politoloqlar düşünür ki, Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü əməkdaşlıq platformasının əleyhinə deyil. O, Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Həm də yeni platformanı Ermənistanın iki tərəfdaşı – Rusiya və İran dəstəkləyib. Ancaq Gürcüstanın platformada iştirak etməməsi Paşinyanın Ermənistan daxilində mövqeyini zəiflədir.

Erməni müxalifəti onu Türkiyə və Azərbaycana satılmaqda ittiham edir. Paşinyan da platformada Gürcüstanın olmasını istəyir ki, tək qalmasın. Gürcüstan da platformada iştirak edərsə, o zaman baş nazir Ermənistanın bölgə ölkələrinin iştirak etdiyi platformadan kənarda qala bilməyəcəyi arqumentini səsləndirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın