Araşdırma: “Bitcoin”in dəyəri artır – Bizə “Bitcoin” lazımdır?

Son bir ilin qlobal maliyyə prosesləri arasında “Bitcoin”in dəyərinin artması müzakirə olunan əsas məsələlərdən biridir. Qismən də olsa, “Bitcoin”in dəyərini artıran səbəbləri araşdırmağa çalışdıq. Bizim üçün “Bitcoin”in nə qədər əhəmiyyətli olduğunu demək çətindir, lakin onun üstünlükləri və risklərini öyrənməyə dəyər. 

Niyə “Bitcoin”?

“Bitcoin” indi ən çox istifadə olunan kriptovalyuta növüdür. Bu gün e-ticarətin kapital bazarda üstünlük qazanması və istənilən sahədə rəqəmsallaşmanın qaçınılmaz hala çevrilməsi kriptovalyutaları daha da cəlbedici edir. 2008-ci ildə Satoşi Nakamato tərəfindən ixtira edilən “Bitcoin” müəyyən qədər mürəkkəb sistemə malik olduğundan geniş kütləyə çıxmaq üçün çox yol qət etməli olub. Lakin, bu gün “Bitcoin” əldə etmək daha asandır. Bu il ərzində kriptovalyutanın dəyərinin 100 min ABŞ dollarına qədər artması gözlənilir. Son bir ildə onun dəyəri dollarla götürüldükdə 300 faizə qədər artıb. Hazırda 1 “Bitcoin” 38 min dollara bərabərdir. 

Nə üçün “Bitcoin”in dəyəri bu qədər artır?

Bu gün “Bitcoin” təkcə investorları cəlb etmir, eyni zamanda, bir sıra özəl və dövlət qurumları da xəzinələrini “Bitcoin”ə çevirirlər. Son dövrdə “Bitcoin”ə investisiya qoyan nəhəng şirkətlər arasında “Square”, “MicroStrategy” və “MassMutual” da var. Hazırda ən çox “Bitcoin”ə “Grayscale Bitcoin Trust” sahibdir. Həmçinin, onlayn ödəməni təmin edən 360 milyondan çox aktiv müştərisi olan “PayPal” da kriptovalyutalarla ödənişə imkan yaratdı. Son dövrlər xüsusilə ABŞ və İngiltərənin bir çox investisiya şirkətləri kriptovalyutalara sərmayə qoyduqlarını açıqladılar. Bu yaxınlarda “Ruffer” investisiya şirkəti də “Bitcoin”ə 744 milyon dollar investisiya yerləşdirdi. “PayPal”dan başqa digər ödəmə sistemlərin də kriptovalyutalara inteqrasiyası, “rəqəmsal cüzdan” sayının və investisiyaların bu istiqamətdə artması “Bitcoin”in bahalaşmasına səbəb oldu. Dünyada bir çox iri şirkətlər “Bitcoin”i qızıla alternativ hesab edir. Gündəlik 900 ədəd “Bitcoin” istehsal edilir və bu rəqəmi aşmaq mümkün deyil. Dolayısıyla təklif məhdud olduğu üçün tələb yüksək olduqda qiymət də buna uyğun olaraq artır.

“Bitcoin”in üstünlükləri nələrdir?

“Bitcoin”in heç bir rəsmi qurum və ya Mərkəzi Banklarla əlaqəsi yoxdur və ölkə iqtisadiyyatına təsir etmir. Hesabınızı yalnız siz idarə edə bilərsiniz. Heç bir struktur hesabınıza müdaxilə edə bilməz. Eyni zamanda, pul köçürmələri etmək üçün banklara və digər vasitəçi qurumlara ehtiyac yoxdur. Hesab açmaq çox sadədir. Banklarda olduğu kimi uzun müddət gözləməyə ehtiyac yoxdur. “Rəqəmsal cüzdan” vasitəsilə köçürmələrinizi daha tez həyata keçirə, “Bitcoin”i istədiyiniz vaxt istədiyiniz hesaba transfert edə bilərsiniz. Sahib olduğumuz kriptovalyuta tamamilə bənzərsiz bir kodla hazırlanan və yalnız sahibinin istifadəsində olan bir xüsusiyyətə malikdir və sahib olduğunuz məbləğ sizin nəzarətinizdən kənarda istifadə edilə bilməz. Çünki, “Blockchain” adlı şifrələmə texnologiyasına müdaxilə etmək çox çətindir.

Ölkədən-ölkəyə heç bir fərqi yoxdur, dünyanın hər yerində 1 “Bitcoin” eyni dəyərdədir. Sahib olduğunuz kriptovalyuta ilə dünyanın istənilən nöqtəsində mübadilə fərqi olmadan əməliyyatlar apara bilərsiniz. Bir sözlə bu valyuta növü ilə ticarət əməliyyatlarını asanlaşdıra və bu pullardan yalnız ölkənizdə deyil, həm də bütün dünyada istifadə edərək investisiya imkanlarını artıra bilərsiniz.

“Bitcoin”in mənfi cəhətləri nələrdir?

“Bitcoin”in dəyəri ani manevrlərlə dəyişir. Bu isə investorların və alıcıların perspektivdə ehtiyatlı olmasını labüd edir. Qısamüddətli mənfəət umaraq “Bitcoin” alışı həyata keçirən şəxslərin kriptovalyutanın dəyərinə təsir etdiyi düşünülməkdədir. Qısa dövr ərzində böyük artımlarla yanaşı azalmalar da ola bilər. Məsələn, 2018-ci ildə 6 min dollara qədər qalxan “Bitcoin” ilin sonunda 3 min 200 dollara düşdü. Buna görə də həqiqi bazarlardan fərqli olaraq, kriptovalyuta bazarlarında qiymət proqnozları vermək çox çətindir. Bu bazara investisiya qoyacaq şəxslər birjalarda pulun dəyərini diqqətlə izləməlidirlər.

Başqa bir məsələ: “Bitcoin” köçürməsində alıcı və pulu transfert edən şəxs anonim şəkildə qanunsuz pul köçürmələri edə bilər. Çünki kriptovalyutalarla ödəniş edərkən şəxsiyyətiniz gizli qalır. Bu normal fəaliyyətlə məşğul olan insanlar üçün mənfi, lakin, qanunsuz işlərlə məşğul olan şəxslər üçün isə həyat əhəmiyyətli fürsətdir. Bu, rəsmi qurumların ən çox şikayət etdiyi vəziyyətdir.

Digər tərəfdən siz “Bitcoin”i asanlıqla haker hücumuna qurban verə bilərsiniz. Bu səbəbdən çox diqqətli olmalısınız. Əgər bank hesabınızı kimsə ələ keçirsə, probleminizi bankınızla həll edə bilərsiniz. Lakin, “Bitcoin”lərinizi bərpa etmək üçün müraciət edə biləcəyiniz bir “qapınız” yoxdur. Kiber hücumların qarşısını almaq üçün isə investisiya qoyulacaq birjanı yaxşı seçməlisiniz. İxtisaslaşmış infrastruktura və yüksək əməliyyat həcminə malik kriptovalyuta mübadiləsi həyata keçirən etibarlı mənbələrdən istifadə edin.

Kriptovalyutalara qoyulacaq investisiyaları şüurlu şəkildə idarə etmək çox vacibdir. Bu bazarı asan şəkildə pul qazanmağın bir yolu kimi görməyin. Uzunmüddətli mənfəət əldə etmək üçün prosesləri daimi izləyin.

Azərbaycanda “Bitcoin”…

Kriptovalyutaların, o cümlədən, “Bitcoin”in Azərbaycanda istifadəsi ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda Mərkəzi Bankın qəbul etdiyi pul-kredit siyasətində kriptovalyutaların, o cümlədən, “Blockchain” texnologiyasının öyrənilməsi ilə bağlı ayrıca hədəflər müəyyənləşib:

“Azərbaycanda da kriptovalyuta sisteminin öyrənilməsi, gələcəkdə tətbiqi imkanları pul-kredit siyasətinin prioritetlərindən birinə çevrilib. Kriptovalyutaların ölkəmizdə konkret istifadəsinə gəldikdə isə Azərbaycan vətəndaşlarının da kriptovalyutaya, həmçinin, “Bitcoin”ə sahib olmaq, ondan istifadə etmək və sataraq gəlir əldə etmək imkanları var. Burada hər hansı bir məhdudiyyət yoxdur”.

Sonda qeyd edək ki, “Bitcoin” əldə etməyin özünün də bir dəyəri var. Lakin, siz həmin məbləği ödəmədən və ya valyuta mübadiləsi aparmadan da “Bitcoin”i özünüz qazana bilərsiniz. Bunun üçün proqram təminatına kifayət qədər bələd olmalı və sistemə daxil olmağa imkan verəcək avadanlığa sahib olmalısınız. Bununla bağlı İKT portallarında kifayət qədər məlumat mövcuddur. 

P.S. “Bitcoin” sadəcə kriptovalyutalara bir nümunədir. Bazarda bir çox kriptovalyuta növü mövcuddur. Onlara “Ethereum”, “Ripple”, “Bitcoin Cash”, “Cardano”, “Litecoin”, “NEM”, “Stellar”, “EOS”, “NEO”, “IOTA”, “Dash”, “Monero”, “TRON”, “Bitcoin Gold” və b. aiddir.  

Nigar Məmmədova

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir