Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə bağlı yeni məlumatlar yayıb.

Qərargahdan verilən məlumatda bildirilir ki, qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələlik pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.

Ümumdünya Səhiyyə Qurumunun 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq insan ölüb.

Azərbaycan Respublikasında son bir gündə 64 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən üç nəfərin durumu ağır, 11 nəfərinki isə orta ağır dəyərləndirilir, başqalarının səhhəti stabildir.

Ölkəmizdə toplam 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər ölüb, 243  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Qurumunun tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın