Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər ki, koronavirusun (COVID-19) yeni ştamı olan Omikron “yüngül” kateqoriyasına aid deyil.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ÜST saytında məlumat paylaşılıb.

Ekspertlər düşünür ki, koronavirusun Delta ştamı ilə müqayisədə az ağır hesab edilməsinə baxmayaraq, bu heç də onun koronavirusun yüngül forması olduğu anlamına gəlmir. Başqa variantlar kimi, Omikron insanları xəstəxanaya salır və öldürür. Koronavirus “sunamisi” o qədər böyük və sürətlidir ki, dünya üzrə bütün səhiyyə sistemlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının bu gün saat 17:00 radələrinə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 301 milyon nəfəri ötüb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 492 min nəfərə, sağalanların sayı isə 257 milyon 712 min nəfərə çatıb.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib: “COVID-19 əleyhinə vaksinasiyanın indiki tempi və vaksinlərin qeyri-bərabər paylanması ilə 2022-ci ilin ortalarına 100-dən artıq dövlət əhalisinin 70 faizini peyvənd edə bilməyəcək”.

Onun həmkarları, jurnalistlərin suallarını cavablandırarkan, koronavirusun yüksək yoluxuculuq qabiliyyəti olan Omikron ştamının sonuncu olacağına şübhə etdilər. Tedros Qebreyesusun sözlərinə görə yaranmış durumun başlıca səbəbi vaksinlərin ədalətsiz paylanılmasıdır.

“Vaksinlərə əlçatanlıqda və ümumilikdə səhiyyə sahəsində xidmətlərə qeyri-bərabərlik ötən ilin ən böyük uğursuzluğu oldu. Vaksinlərə aid qeyri-bərabərlik insanların həlak olmasına, iş yerlərinin itirilməsinə gətirib çıxarır və dünya iqtisadiyyatının bərpasına ziyan vurur”, – deyə Tedros Qebreyesus bildirib. Onun sözlərinə görə, Alfa, Beta, Delta, Qamma və Omikron variantlarına, qismən, vaksinasiyanın aşağı səviyyəsi səbəb oldu.

Keçən həftə pandemiya başlayandan bəri COVID-19-a yoluxmada ən yüksək göstərici qeydə alınmışdı. “Bu çox güman ki, real göstərici deyil, çünki verilən rəqəmlər bayramlar zamanı testləşmədə geriləməni, özünü testləşdirmədə təsdiq edilməmiş müsbət nəticələrin sayını və dünyada bir sıra halları gözə almayan nəzarət sisteminin həddindən çox yüklənməsi amilini əks etdirmir”, – deyə ÜST rəhbəri bildirib.

Onun sözlərinə görə xəstəxanalar həddindən artıq dolu olur, orada yetərincə tibbi heyət yoxdur. Pasiyentlərin vaxtlı-vaxtında yardım ala bilmədiklərinə görə nəinki COVID-19, başqa xəstəliklərdən və xəsarətlərdən də qarşısı alına bilən ölüm hallarından qaçmaq olmur.

ÜST rəhbəri bütün dünyada vaksinasiyanın miqyasını artırmağa çağırıb. “Vaksinlərin indiki paylanma tempi ilə 109 ölkə 2022-ci il iyulun əvvəlinə əhalisinin 70 faizlik peyvəndlənməsini təmin edə bilməyəcək”, – deyə ÜST rəhbəri bildirib ki, bu gün dünyada 36 ölkə əhalinin hətta 10 faizini belə peyvənd edə bilməyib.

Tedros Qebreyesusun sözlərinə görə, birinci nəsil vaksinlər xəstəxanaya yerləşdirmə hallarının azalmasına önəmli töhfə verir.

ÜST-nin aparıcı epidemioloqu Mariya van Kerkhove bildirib ki, dünyada COVID-19-a yoluxma hallarının sayı iki həftə boyunca 71 faiz artıb. Mariya Kerkhove təəssüflə bildirib ki, Omikron koronavirusun sonuncu variantı olmayacaq. Virus mutasiya etməkdə davam edir. Bir sıra ölkələrdə isə Delta ilə rəqabət aparır. Hələ bilinmir ki, hansı variant qalib gələcək. İndi Delta variantının 30 mutasiyası aşkar edilib.

ÜST-nin fövqəladə hallar proqramının direktoru Maykl Rayan da bildirib ki, bu gün Omikronun sonuncu variant olacağını demək hələ çox tezdir. Özəlliklə də milyardlarla insanın peyvənd olunmadığı şəraitdə. Omikronun sonuncu variant olacağına ümid etmək istəyərdik, ancaq mənə elə gəlir ki, indiki zamanda bunun ehtimalı çox aşağıdır. Biz virusa yoluxmada və onun ötürülməsində yüksək dərəcəni izləyirik”, – deyə Maykl Rayan vurğulayıb. O əlavə edib ki, yeni variantların yaranması ilə bağlı çoxsaylı təhdidlər var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın