Bu gün Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilib.

Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır. “Sputnik Belarus” xəbər verir ki, danışıqlarda Belarusun xarici işlər naziri Vladimir Makey də iştirak edib.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya danışıqlar zamanı ortaq nöqtələri müəyyən edib.

“Ukrayna və Rusiya nümayəndə heyətləri bu gün danışıqların birinci raundunu keçiriblər. Onun əsas məqsədi Ukrayna ərazisində atəşkəs və hərbi əməliyyatların dayandırılması məsələlərini müzakirə etmək olub. Tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər. Tərəflər məsləhətləşmələr üçün öz paytaxtlarına yola düşüblər. Həmçinin, yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsinin mümkünlüyü müzakirə olunub və bu mövzularda konkret iş aparılacağı barədə anlaşma əldə edilib”, – deyə Podolyak jurnalistlərə açıqlamasında vurğulayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna ilə danışıqların təxminən beş saat davam etdiyini bildirib.

“Bu müddət ərzində bütün gündəm təfərrüatlı ilə müzakirə olunub. Danışıqlar nəticəsində ümumi mövqələrin proqnozlaşdırılmasının mümkün olduğu ortaq nöqtələr tapılıb. Həmçinin, danışiılar prosesini davam etdirmək barədə razılıq əldə olunub. Növbəti görüş yaxın günlərdə keçiriləcək”, – deyə Medinski vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın