“Bizdə elə indicə hava hücumuna dair xəbərdarlıq ləğv edildi, gəlin danışmağa çalışaq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukrayna İslam portalının redaktoru, kulturoloq Tatyana Yastremskayanın Oxu.az-a müsahibəsi belə bir vəziyyətdə baş tutub.

– Rusiya qoşunlarının Ukraynaya girməsindən sonra Rusiyanın atəşi nəticəsində mədəni və dini obyektlərin zədələndiyi barədə çoxlu məlumatlar yayılıb. Bu nə dərəcədə doğrudur, çünki müharibə zamanı saxta məlumatlar da çox olur…

– Hələlik təsdiqlənmiş məlumat çox deyil, ancaq zərbələr xaotikdir. Onlar təkcə hərbi deyil, mülki hədəflərə də endirilir. Kiyev yaxınlığında məşhur ukraynalı rəssam Mariya Primaçenkonun muzeyi yanıb, xoşbəxtlikdən onun rəsmlərini binadan çıxarmaq olub. Donetsk vilayətinin Konstantinovka şəhərindəki məscid atəşə tutulub və başqa. Hələlik dəyən ziyanın miqyasından danışmaq çətindir, çünki müharibə davam edir. Ancaq Ukrayna tərəfi artıq ölkənin mədəni və tarixi irsinin qorunması xahişi ilə YUNESKO nümayəndələrinə müraciət edib.

– Müsəlmanlar həm Rusiya, həm də Ukrayna tərəfdə vuruşur, bir-birinə atəş açırlar. Siz müsəlman və İslami məsələlərlə məşğul olan bir şəxs kimi, buna necə münasibət bildirərdiniz?

– Mən müsəlmanlığı yeni qəbul etmişəm, başqa dini mühitdə tərbiyə almışam. İslamı şüurlu yaşımda qəbul etmişəm. Təbii ki, mən dinin əsaslarını öyrənmişəm. Bir ukraynalı və müsəlman qadın olaraq baş verənləri izləmək mənim üçün ikiqat ağrılıdır.

Aydındır ki, döyüşlər gedir, ancaq İslamda da olan döyüş qaydalarına az adam əməl edir. Mən Ukraynaya getmək və yerli sakinləri, o cümlədən müsəlmanları öldürmək istəyi ilə silaha sarılan müsəlmanları qınayıram və onlara nifrət edirəm. Çox təəssüf hissi ilə demək istəyirəm ki, vətənini müdafiə edərkən şəhid olanlarımız var. Ukrayna müsəlmanları bu təcavüzə qarşı mübarizə aparır, şəhid olurlar.

Bizi məhv etmək üçün torpağımıza gələn müsəlmanlar rüsvayçı şəkildə öləcəklər. Onlar üçün cəhənnəmin ən pis yerləri nəzərdə tutulub. Onları müharibəyə göndərib üstəlik xeyir-dua verənlər də var. Ancaq onlar da bu ədalətsizliyin qarşısını almadıqları üçün məsuliyyət daşıyacaqlar. Mən buna əminəm, çünki Allah ədalətlidir.

– Siz indi Ukraynanın Vinnitsa vilayətindəsiniz. Bu, ölkənin qərbinə daha yaxındır. Humanitar vəziyyət necədir?

– Böyük insan kütləsi müharibədən, dağıntılardan, qətllərdən qaçmağa çalışır. Böyük şəhərlərdən olan və atəşə məruz qalan çoxlu qaçqın var. Ölkədə təkcə milyonlarla daxili məcburi köçkün var! Kimsə burada, Vinnitsa bölgəsində qalır, kimsə daha da irəli, Ukraynanın qərb sərhədlərinə doğru irəliləyir.

Ərzaq və qida məhsulları baxımından bizdə hələlik hər şey qaydasındadır. Ukrayna xalqı birləşdi. Kədər bir-birinə kömək etməyə çalışan insanları birləşdirir.

Bizim Azərbaycanın göstərdiyi yardımlardan da xəbərimiz var. Buraya SOCAR-ın yanacaqdoldurma məntəqələrində təcili tibbi yardım və xilasetmə xidmətlərinin avtomobillərinə pulsuz yanacağın doldurulması, humanitar yüklər daxildir. Ukraynada yaşayan azərbaycanlılar pulsuz yemək paylayırlar. Biz Azərbaycan xalqının mənəvi dəstəyini də hiss edirik və buna görə çox minnətdarıq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın