Dünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin (Nancy Pelosi) Tayvana səfərindən danışır.

YALAN.info bildirir ki, regionda səfəröncəsi artan hərbi fəaliyyət, eləcə də hədələr dünyanı rahatsız edərkən, gözlər Asiyaya və Pelosiyə çevrilib.

Dünya ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə başlayıb. “Müharibə olacaqmı?” sualları hər kəsi düşündürərkən Pelosi dünyanın ən çox danışılan siyasətçisi oldu.

Yada salaq ki, birdən-birə dünya gündəminin bir nömrəli adına çevrilən Pelosi daha öncə də hadisələrlə gündəmə gəlib. Pelosi ABŞ-da tez-tez müxtəlif qalmaqallarla adından söz etdirən siyasi fiqurdur. Özəlliklə ABŞ Prezidenti Cozef Bayden və keçmiş dövlət başçısı Donald Trampla bağlı baş verənlər son zamanlar sosial mediada ən uzun müzakirə mövzularından birinə çevrilib.

Hələ Tramp ABŞ Prezidenti olduğu müddətdə onunla Pelosi arasında müxtəlif gərginliklər yaşanıb. Özəlliklə, iki şəxs tez-tez “Meksika ilə sərhəd divarı” müzakirələrində qarşı-qarşıya gəlirdi. Onlar arasındakı gərginliyin sosial mediaya da daşındığı və çox danışıldığı qalmaqal Trampın çıxışından sonra baş verib.

Tramp “qisas siyasətindən əl çəkməyə” çağıran çıxışını bitirdikdən sonra Pelosinin ayağa qalxaraq ABŞ Prezidentini alqışladığı, ancaq bunu edərkən istehzalı mimikada olması diqqətdən yayınmayıb. Bu davranış kinayə kimi şərh edilib və ABŞ-da uzun müddət müzakirə olunub. Çoxları “necə alqışladı?” sualını verərək, Pelosinin davranışının təhqiramiz olduğu iddia edirdilər.

Pelosi ABŞ-da Donald Tramp tərəfdarlarının Konqresin binasına hücumu zamanında da gündəm olub. Konqresdə keçirilən reyd zamanı Pelosinin otağının qapısı sındırılıb və onun notbukunun oğurlandığı iddia edilib.

Pelosi son vaxtlar ABŞ Prezidenti Cozef Baydenin çıxışı zamanı onun arxasında dayanaraq sərgilədiyi hərəkətlərlə də sosial mediada gündəm olub. Sözügedən çıxış Baydenin Rusiyanın Ukraynaya hücumlarından sonra ilk nitqi idi. Baydenin çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt ifadələri ilə bir vaxtda Pelosinin rəftarları da diqqət çəkib. Bayden Amerika əsgərlərinin döyüş meydanında üzləşdikləri təhlükəli durumlardan danışarkən Pelosi qəribə jestlər edib.

Pelosinin barmaqlarını sıxması, ovuşdurması, yumruqları, ayağa qalxaraq əl çalması nəzərləri cəlb edib. Hadisədən sonra edilən şərhlərdə Pelosinin Baydeni dinləmədiyi və yalnız alqışladığı vurğulanıb. Hadisə “bu nə reaksiyadır?” suallarına yol açıb.

Bütün bunlarla yanaşı, Nensi Pelosi terrorçuluğa qarşı mübarizə apardığını dəfələrlə bəyan edən ABŞ-ın həm indiki, həm də öncəki hökuməti zamanı Ermənistana, özəlliklə erməni terrorçularına açıq dəstəyi ilə seçilib. Pelosinin açıq ermənipərəst mövqeyi təkcə Azərbaycanda deyil, ABŞ-da da narazılıqla qarşılanıb.

Yeri gəlmişkən, mayın sonlarında Nensi Pelosinin əri Paul Pelosi spirtli içkinin təsiri altında avtomobil idarə etməsi iddiası ilə saxlanılıb. 82 yaşlı Paul Pelosi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Onun qanında spirtin miqdarı normadan artıq olduğu üçün həbsxanaya göndərilib. Mayın 30-da yerli vaxtla saat 23:44 radələrində saxlanılan P. Pelosinin bazar günü səhər saat 07:26-da sərbəst buraxıldığı bildirilib. Pelosinin iki ittiham üzrə girovu 5 000 dollar olaraq təyin edilib.

Nensi Pelosi spiker kimi iştirak etdiyi mərasimdə ərinin həbsi ilə bağlı danışmaqdan imtina edib. Pelosinin köməkçisi Dryu Hammill: “Spiker bu özəl məsələni şərh etməyəcək”, – deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın