Bu gün ilk dəfə 18 Sentyabr – Milli Musiqi Günü erməni işğalından azad olunmuş Şuşa şəhərində keçirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report“un Şuşaya ezam olunan əməkdaşının verdiyi məlumata görə, toplantıya qoşulan nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

Toplantını giriş sözü ilə açan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanına uyğun olaraq hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Şanlı ordumuz sayəsində Şuşada keçirilir: “Bu gün keçirilən toplantının özəl önəmi var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və 29 avqust tarixində cənab Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblını düz 85 il öncə dahi bəstəkar yaradıb”.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun Şuşada yerinə yetirdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bugünki tarixi tədbirdə yalnız Üzeyir bəyin vaxtı ilə yaratdığı ansambl deyil, həmçinin, ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçılar iştirak edir, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa edirlər. Nazir müavini Şuşanın mədəniyyət paytaxtı olaraq bundan sonra da bir çox yerli və xarici tədbirlərə ev sahibliyini edəcəyini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini bildirib.

Daha sonra Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və başqa bəstəkarların ifaları səsləndirilib. Xalq artisti Mənsur İbrahimov, əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və başqa ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın