Serj Sarkisyanın iki gündür anons edilən geniş müsahibəsi ötən gün yayıldı və Ermənistan mətbuatı bu müsahibəni geninə-boluna yayımladı. Bu müsahibədən ümumi çıxan nəticə nədir?

Sarkisyan etiraf etdi ki, Azərbaycan Prezidentinin çıxış və sözləri birmənalı olaraq Ermənistan cəmiyyətində həqiqət kimi qəbul edilir. Artıq erməni ictimaiyyəti İlham Əliyevin heç vaxt yalan demədiyini, reallığı olduğu kimi təqdim etdiyini, verdiyi vədləri mütləq yerinə yetirdiyini və elan etdiyi hədəflərə nə yolla olursa-olsun çatdığını bilir.

O da aydın oldu ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Qarabağ danışıqları ilə bağlı uzun illərdir davam edən və Köçəryan-Sarkisyan cütlüyünün bağlı qapılar arxasında hansı vədlər verdiyini ictimaiyyətə təqdim etməklə, əsl reallığı göstərmək yolunu tutub. Paşinyan Kazan danışıqlarından sonra masa arxasında Ermənistanın bütün arqumentləri itirdiyini və keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına mane olacaq heç bir əsasının qalmadığını faktlarla ortaya qoyur. Sərkisyanın isə bunlara cavabı yoxdur.

Sarkisyan iddia edir ki, onda bütün sənədlər var. O, hansı danışıqların aparıldığını söyləyə bilər, ancaq “Bu danışıqlar konfedensialdır və həmsədrlərin razılığı olmadan mən onları aça bilmərəm”. Başqa sözlə, Paşinyanın arqumentlərinə heç bir cavab verə bilmir. Masa arxasında danışıqlarda hansı öhdəliklər götürdüyü və sonra da bu öhdəliklərdən qaçdığı haqda rəqibinin faktları qarşısında susmağa üstünlük verir.

Sarkisyan cəmiyyətdəki ümumi atmosferi də ifadə etdi: “İndi cəmiyyətdə böyük məyusluq var”, “Artıq hamı Qarabağ münaqişəsinin başa çatdığını düşünür” və b. ifadələr təsdiqləyir ki, ermənilər 30 illik işğaldan psixoloji olaraq da əl çəkmək yolundadırlar; bu 30 ilin onların bütün həyatını məhv etdiyini nəhayət anlamağa başlayıblar.

“Biz kapitulyasiyaya məcbur olduq, sındırıldıq, məhv edildik” sözləri ilə Sərkisyan ümumi əhval-ruhiyyəni ifadə edir. İllərlə apardığı işğal, qan siyasətinin və qətliamların öz millətinə daha çox ziyan vurduğunun da fərqindədir. Buna baxmayaraq, Sarkisyan yenə də cəmiyyəti yalan vədlərlə yenidən qırğına verməkdən əl çəkmir.

  • Birincisi, Sarkisyan “müharibə istəməmək”, “sülhə hazır olmaq” ifadələrindən vaxtaşırı istifadə edilməsinin ölkənin suverenliyinə təhdid olduğunu bildirir. Guya Ermənistan hakimiyyətinin və cəmiyyətinin “sülhə hazır olduğunu” deməsi ilə sülh olmur, “birtərəfli istək” nəticə vermir, “sülh üçün müharibəyə hazır olmaq lazımdır” deyir. Dərhal da əlavə edir ki, sözləri “revanşizm istəyi” kimi qəbul edilməməlidir. Əslində isə bu “təkzibi” ilə Sarkisyan əsl niyyətini – revanşizmi körüklədiyini ifadə edir.
  • İkincisi, “sülh istəmək” – erməni cəmiyyətinin qətiyyən birtərəfli mövqeyi deyil, əksinə, Azərbaycan dövlətinin rəsmi çağırışıdır. Prezident İlham Əliyev bir neçə dəfə ən yüksək səviyyədə sülh müqaviləsinin imzalanması üçün təkliflər göndərildiyini bildirib.
  • Üçüncüsü, Sarkisyanın dediyi kimi, əgər Ermənistan cəmiyyətində “məyusluq” varsa, Azərbaycan və Ermənistan rəhbərləri Qarabağ münaqişəsinin artıq başa çatdığını elan edirlərsə və erməni ictimaiyyətinə də bu təsir edirsə, “Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq” iddiası və “Biz ATƏT-in Minsk Qrupunu diriltməklə Dağlıq Qarabağ danışıqlarını bərpa edə bilərik” sözləri ilə erməni cəmiyyətini yenidən aldatmaq və onu müharibəyə çağırmaq növbəti dəhşətli səhvdir.

Erməni diasporunun nəzarətində olan media qurumları da ciddi cəhdlərlə bu revanşist əhval-ruhiyyəni saxlamağa, onu təbliğ etməyə və insanları yanlış yola çəkməyə davam edir.

Əlbəttə, Azərbaycan bu təbliğat savaşında da öz sözünü deyir. Ermənistan cəmiyyətinə Azərbaycan Prezidentinin sözlərinin necə təsir etdiyini Sərkisyan bilirsə, Azərbaycan kəşfiyyat orqanları da bilməmiş deyil və məhz Sarkisyanın iki gündür anons edilən müsahibəsi çıxan gün İlham Əliyevin rəsmi dövlət agentliyinə gözlənilmədən geniş açıqlama verməsinin hədəfi də bilinir.

Sarkisyanın bütün revanşist ruhlu açıqlamalarına qarşı eyni gündə İlham Əliyevin çox sərt şəkildə cavabı oldu. Bu, Sərkisyana da xəbərdarlıq idi, Sərkisyana inanan və ona səs verən 5,6 faizlik seçicilərinə də, elə Ermənistan cəmiyyətinə də – necə ki, Sərkisyan özü də o cəmiyyətə İlham Əliyevin daha geniş təsiretmə imkanı olduğunu etiraf edirdi…

Münaqişə bitib, Qarabağ problemi arxada qalıb və Azərbaycan ən qısa müddətdə Xankəndi və ətrafına da nəzarəti əlinə alacaq. Ermənistan cəmiyyətində buna razı olmayıb, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək istəyən sarkisyanlar yenidən baş qaldırmaq istəyəcəksə, onlar dərhal əziləcək. İlham Əliyev məsələni bu cür qoydu və həm də xəbərdarlıq etdi: daha əvvəlki kimi onların genişlənməsinə imkan verilməyəcək, dərhal qəti tədbirlər görüləcək.

Sərkisyan sözlərindən çıxan nəticə: Qarabağ oyunu başladır?

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın