Martın 25-də böyük şair və yazıçı, dünya şöhrətli ədəbiyyat və fikir adamı Rza Bərahəni vəfat etdi. Görkəmli ədib 86 il öncə Güney Azərbaycanda, Təbrizdə başlanan ömrünü qürbətdə, uzaq Kanadanın Toronto şəhərində başa vurdu. Bu üzücü olay beynəlxalq mediada geniş əksini tapdı. Əlbəttə, İran İslam Respublikasının mətbuatı da bu faktı görməzdən gələ bilməzdi: İrandakı hakim rejimə müxalif mövqedə dursa da, Bərahəninin İran ədəbiyyatı və ictimai fikri qarşısında xidmətləri o qədər misilsiz, beynəlxalq nüfuzu o qədər böyükdür ki, istər-istəməz rəsmi və yarımrəsmi mediada onun vəfatı ilə bağlı yazılar dərc olundu.

Ancaq bu yazılarda Bərahəni şəxsiyyətinin önəmli bir cəhətinin – İranda qeyri-fars xalqların, ilk növbədə Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda ardıcıl mübarizəsinin üzərindən, təbii ki, sükutla keçildi. 1935-ci ildə Təbrizdə yoxsul bir ailədə doğulan Rza Bərahəninin uşaqlıq illəri keşməkeşli bir dövrə təsadüf edib, eyni zamanda o, Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumətin qurulması və fəaliyyətinin canlı şahidi olub.

Yazıçı bir müsahibəsində bununla bağlı belə danışıb: “Mənim məktəbə getməyim İkinci Dünya müharibəsində İranın işğalı illərinə təsadüf edir. Bu barədə mənim böyük xatirələrim var və həmin xatirələrin çoxunu mən romanlarımda yazmışam. Məktəb o vaxt, əlbəttə, farsca idi. Ancaq üç-dörd il sonra Demokrat Firqəsi quruldu və məktəbə gəlib dedilər ki, hər şeyi gərək ana dilində öyrənək. Bu, yaxşı bir dövr idi. Çünki biz evdə anamızdan, atamızdan bir dili öyrənmişdik, ancaq məktəbə gələndə gördük ki, orada ayrı bir dil var.

Mənim nəzərimdə bu, böyük bir faciədir ki, kimsə bir dillə doğula, ancaq təhsil almaq istəyəndə ayrı bir dildə oxuya. Mən düşünürəm ki, İranda farsca alınan təhsil ümumən ana ilə uşaqların əlaqəsini qırır. Çünki anadan öyrənilən dildə insanlar arasında duyğu, sevgi, yaxınlıq olur və insan elə ki, başqa dildə bilik qazanmağa başlayır, həmin dili və yaxınlığı unudub, necə deyərlər, başqa dilin içərisinə girir. Bunun nəticəsi bir növ parçalanmaqdır, iki yerə bölünməkdir, ikiləşməkdir və əslində ananı unutmaqdır”.

Ancaq xarici qüvvələr tərəfindən dəstəklənən şah rejimi Milli Hökuməti devirdikdən sonra hər şey öncəki durumuna qayıdır, ana dilində təhsil yenidən qadağan olunur. Bu dəyişikliyin acı təcrübəsini Rza Bərahəni öz taleyində yaşayır: məktəbdə Azərbaycan türkcəsində hazırladığı divar qəzetinə görə direktor onu cəzalandırır və qəzetdəki yazıları yalayıb silməyə məcbur edir. Bununla bağlı yazıçı çox sonralar deyirdi:

“Bu əhvalat heç vaxt yadımdan çıxmadı. Qarşılaşdığım bu təhqiri heç vaxt unutmadım. Eyni zamanda həmişə düşünmüşəm ki, ana dili gəlib mənim qanımın bir hissəsi, bədənimin bir parçası olub, çünki mən bu dili yemişəm, udmuşam. Sonralar bu, başqa formalarda özünü göstərdi. Məsələn, romanlarımda. Mənim romanlarımdakı bütün surətlər azərbaycanlıdır, yaxud Tehranda yaşayan azərbaycanlılardır”.

Təbriz Universitetini ingilis dili və ədəbiyyatı ixtisası üzrə bitirən, daha sonra İstanbul Universitetindən həmin ixtisas üzrə doktorluq dərəcəsi alan Bərahəni İrana qayıtdıqdan sonra geniş ədəbi-ictimai və pedaqoji fəaliyyətlə məşğul olur, məhsuldar yaradıcı şəxsiyyət kimi məşhurlaşır. O, İranda ədəbi tənqidin atası, postmodern şeirin banisi kimi tanınır, İran Yazıçılar Birliyinin təsisçilərindən biri olur. Fars dilində yazdığı şeirləri, romanları, məqalələri dünyanın müxtəlif dillərinə tərcümə olunur.

Ancaq bu şöhrətə baxmayaraq, ana dilinin, mənsub olduğu mədəniyyətin durumu onu rahat buraxmır. 1973-cü ildə o, “Hakim mədəniyyət və məhkum mədəniyyət” adlı bir məqalə yazır və buradakı fikirlərinə görə, şah rejiminin xüsusi xidmət orqanı SAVAK tərəfindən həbs olunur. Təqribən dörd ay zindanda saxlanan, işgəncələrə məruz qalan yazıçını məqaləsində işlətdiyi ana dilindəki bir sözə görə SAVAK-ın rəis müavini Pərviz Sabiti ikinci Pişəvəri olmaq istəyində ittiham edir.

Şah rejimi tərəfindən təqib olunan, əsərlərinin çapına qadağa qoyulan Bərahəni ölkəni tərk etmək məcburiyyətində qalır. Amerikanın müxtəlif universitetlərində dərs deyir. 1976-cı ildə ABŞ Konqresində İranda insan haqları və milli hüquqlar barədə məruzə edir və həmin məruzə Konqresin buraxdığı «İranda insan haqları» adlı kitabda çap olunur. Bundan sonra SAVAK-a, şah rejiminə müxalif olan on nəfər sırasında Bərahənini də öldürmək tapşırığı verilir, ancaq işin üstü açılır və ABŞ hökumətinin rəsmi Tehrana xəbərdarlığı ilə plan pozulur.

1979-cu il inqilabını böyük ümidlərlə qarşılayan Rza Bərahəni İrana qayıdır, lakin tezliklə teokratik rejimin basqıları ilə üzləşir. Milli haqlar, qadın hüquqları barədə yazı və çıxışlarına, eləcə də Yazıçılar Birliyindəki fəaliyyətinə görə 1981-ci ilin sonlarında həbs edilərək Evin zindanına salınır. Sonrakı illərdə də təqiblərlə üzləşir, əsərləri senzuraya məruz qalır. Bu üzdən yenidən ölkəni tərk etmək məcburiyyətində qalır, bir müddət ABŞ-da, İsveçdə yaşayır, nəhayət, Kanadada məskunlaşır.

Bir neçə il Kanada PEN Klubunun rəhbəri olur, Nobel mükafatına namizədliyi irəli sürülür. Eyni zamanda ömrünün sonuna qədər Sürgündə Güney Azərbaycan PEN təşkilatının fəxri sədri kimi fəaliyyət göstərir. Geniş ədəbi-elmi yaradıcılıqla yanaşı, Bərahəni milli haqlar, ilk növbədə ana dilində təhsil uğrunda mübarizəsini də davam etdirir, bununla bağlı yazılarına görə islam rejiminin təmsilçiləri və dəstəkçiləri tərəfindən separatçı damğasına tuş gəlir.

Ancaq bu, yazıçını yolundan döndərə bilmir. Bununla bağlı özü bir müsahibəsində deyir: “Mənim “günahlarımdan” biri həmişə bu olub ki, sən niyə Azərbaycan dilini müdafiə eləyirsən. Və belə mövqe tutanlara bəzən irqçi də deyirlər. Halbuki biz haqqı müdafiə edirik. Bunlar isə bunu irqçiliklə əlaqələndirirlər. Bu, hətta paniranizm də deyil, ondan çox-çox alçaq bir şeydir ki, əhalinin 33-34 %-nin dilini bütün cəmiyyətə hakim edəsən”.

Bu mövqeyin nəticəsi olaraq, Bərahəni yaradıcılığının son dövründə Azərbaycan dilində şeirlər yazır, eyni zamanda farsca əsərlərinə türkcə mətnlər daxil edirdi. Yazıçı bu məsələdə qəti mövqeyini belə bildirirdi: “Heç yerdə deyilməyib ki, fars dili müqəddəs dildir. Müqəddəs olmasına səbəb yoxdur. Əgər onlar desələr ki, fars dili müqəddəsdir, biz də deyərik ki, türk dili müqəddəsdir. Hər kəsin öz dili özü üçün hörmətli və dəyərlidir”.

Bu cür aydın milli mövqeyinə görə Rza Bərahəninin dünyasını dəyişməsi çox sevdiyi, neçə-neçə şeirlər həsr etdiyi doğma Təbrizdə dərin kədərlə qarşılandı, xatirəsi ehtiramla anıldı. Həmin anım mərasimindən şəkillər paylaşan tanınmış jurnalist və mədəni fəal, dəfələrlə islam rejimi tərəfindən həbsə atılmış Əmir Çəməni yazırdı:

“Cənab Bərahəni, bu gün Təbriz sənə yas saxladı. Səni sevənlər sənin üçün şam yandırdılar, Ərk qalası ağladı və Təbriz səninlə vidalaşdı. Sənin gedişinlə şeir yetim qaldı, roman yetim qaldı, Təbriz yetim qaldı, biz yetim qaldıq”.

Rza Bərahəni əsərlərini farsca yazdı, hakim mədəniyyətin dilində məhkum mədəniyyətin dərdlərini, ağrılarını ifadə etdi, həm də türk təfəkkürü və ruhunun gücünü göstərdi. Bu, əslində hakim mədəniyyətə meydan oxumaqdır. Eynən sələfləri Nizaminin, Xaqaninin, Saibin və nəhayət, Şəhriyarın etdiyi kimi! Və Rza Bərahəni həmin qafilənin son nümayəndəsi kimi daim yaşayacaq!

İranda məhkum mədəniyyətin böyük yazarı: Rza Bərahəni

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın