Ukraynada apardığı uğursuz hərbi əməliyyatlar səbəbindən ciddi siyasi və iqtisadi problemlər yaşayan Rusiya nizamsız halda hədə və hücumlarını artırmaqda davam edir. Qərb ölkələri ilə yanaşı, yaxın qonşularını da hədəfə alan Moskva onların ünvanına hədə və ittihamlar səsləndirir. Bitərəf qalanları şantaj edir, sanksiyalara qoşulanları isə az qala hərbi müdaxilə ilə hədələyir. Bu dəfə isə Kremlin təbliğat maşınının hədəfi Qazaxıstandır.

Rusiya gözləyirdi ki…

Rusiya mediası açıq şəkildə Qazaxıstanı “etibarsız” və “qeyri-müəyyən” siyasət yeritməkdə ittiham etməyə başlayıb. Bir neçə ay bundan öncə Qazaxıstanda baş verən hadisələri qanla yatıran Rusiya indi bu ölkədə anti-Rusiya ritorikasının artmasından narahatlığını ifadə edib. İki ölkənin bir neçə birlik və hərbi blokda (KTMT, Avrasiya İqtisadi Birliyi, MDB və b.) müttəfiq olmasına baxmayaraq, münasibətlərin elə də şəffaf olmadığı, müttəfiqlikdən uzaq olduğu vurğulanır.

Rusiya gözləyirdi ki, bu ölkədə yaşanan qanlı hadisələrdə oynadığı rol ona “xilaskar” statusu qazandıracaq. Ancaq görünən odur ki, Qazaxıstan rəhbərliyi heç də onun kimi düşünmür. Məsələn, heç kim istisna etmir ki, Qazaxıstanın şimal vilayətinin əhalisi qəfil ayağa qalxıb Rusiyadan onlara “qazax millətçiliyi”ndən qorumağı xahiş etməsin. Krımda, Donbasda baş verənlər hər an orada da təkrarlana bilər.

Ara-sıra Qazaxıstanda rusların sıx məskunlaşdığı ərazilərdə aksiyalar baş tutur. Rusiya mediası, deputatları, hətta hakimiyyətdə təmsil olunan yüksək rütbəli məmurlar Qazaxıstan dövlətçiliyinin olmadığını, ərazilərin çox hissəsinin isə onlar tərəfindən pay verildiyini iddia edir. Qazaxıstanda da bu kimi iddiaların arxasında nələrin gizləndiyini çox gözəl başa düşülür. Elə bu səbəbdəndir ki, hərbi büdcəsini bir milyard dollar artırmaq qərarına gəlib.

Bir-birini təkzib edən açıqlamalar

Qərbin sanksiyaları içində vurnuxan Rusiya, mediası vasitəsilə maraqlı bir iddia irəli sürüb. “Rosbalt” nəşri Qazaxıstanın da Qərb sanksiyalarına qoşula biləcəyini iddia edib. Səbəb kimi də rəsmi Nur-Sultanın bir-birini təkzib edən bəyanatlarını göstərib. Bu xüsusda prezident administrasiyası rəhbərinin birinci müavini Timur Süleymanovun “Euractiv” nəşrinə müsahibəsi qabardılır. “Qazaxıstan ABŞ və AB-nin sanksiyalarından yan keçməkdə alət rolunu oynamayacaq, onlara əməl edəcək. Bununla da, Qərbin sanksiyaları ilə üzləşmək niyyətində deyil”, – deyə rəsmi bildirib.

Nəşr də bundan belə nəticəyə gəlib ki, Kreml Qazaxıstanın köməyinə bel bağlamamalıdır. “Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanıyır, nə Krım, nə Donbasla bağlı durumu qəbul etmir. Biz BMT səviyyəsində qəbul edilən qərarları qəbul edirik”, – deyə Süleymanov bəyan edib. Az qala bomba effekti doğuran bu bəyanatdan sonra təcrübəli diplomat kimi tanınan prezident Kasım-Jomart Tokayev telefonla rusiyalı həmkarı ilə danışmağa məcbur olub. Danışıqlarda ən önəmli məsələ – Rusiya-Qazaxıstan müttəfiqlik münasibətlərinin strateji önəm daşıdığı vurğulanıb.

Telefon zənginin nəticəsi özünü çox gözlətmədi və Qazaxıstan xarici işlər naziri Muxtar Tleyuberdi yerli telekanallara müsahibəsində Rusiyaya qarşı sanksiyalara qoşulmayacaqlarını bildirdi. Nazirin ardınca yenidən prezident xarici mediaya müsahibə verir və bildirir ki, Rusiya ilə xüsusi əməkdaşlıq münasibətlərinin olmasına baxmayaraq, Qazaxıstan Ukrayna ilə əsrlər boyu davam edən münasibətləri və dostluğu dəstəkləyir. İki ölkə arasında yaşanan münaqişənin nizamlanmasında vasitəçi olmağa hazırdır. Nəhayət, Tokayev bildirib ki, Qazaxıstan ABŞ və Avropa Birliyi ilə 30 illik dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirməlidir.

Qərb tələb edə bilər – ya bizimlə, ya da… 

Süleymanovun səmimi etirafı, daha sonra XİN rəhbəri və prezidentin açıqlamalarının ardınca Milli Təhlükəsizlik Komitəsi xarici ölkələrdən birinin casusunun ələ keçirildiyi ilə bağlı xəbər yayıb. Həmin şəxs prezident və yüksək rütbəli məmurları öldürməyə, terror aktları həyata keçirməyə çalışmaqda ittiham edilib. Onun ölkədə anti-Rusiya təbliğatı aparmaq, sosial şəbəkələrdə rusofob baxışların formalaşmasına çalışdığı da məlumatda öz əksini tapıb.

Rusiya mediası da bundan irəli gələrək bu qənaətə gəlir ki, Qazaxıstan Qərblə Rusiya arasında qalıb. “Anti-Rusiya casusu”nu tutmaqla bir tərəfdən Moskvaya göstərir ki, rusofob casusları həbs edir, sosial şəbəkələrdə gərginliyin artırılmamasına çalışır. Digər tərəfdən də Qazaxıstanın Qərbdə imicinin yaxşılaşdırılmasına çalışır. Və ardınca da maraqlı bir məqama toxunulur. Bildirilir ki, bu tip bəyanatları prezident deyil, onun məmuru səsləndirir. Yəni Tokayev Nur-Sultanın mövqeyini səsləndirməməklə məsuliyyətdən yayınmağa çalışır.

Bu nədən xəbər verir? Böyük ehtimalla Qazaxıstan siyasi-iqtisadi və təhlükəsizlik planında asılı olduğu Rusiya ilə dostluğun üstündən xətt çəkmək istəmir. Rusiya mediası özəl olaraq vurğulayır ki, Tokayev məhz Rusiyanın köməyi ilə yanvar hadisələri zamanı hakimiyyətini qoruyub saxlamağa müvəffəq olub.

Bununla yanaşı, rəsmi Nur-Sultan Qərbin qarşısında Rusiyadan tam asılı durumda olmadığını nümayiş etdirmək istəyir. Qərb və ABŞ-ın istəyinə gəldikdə ehtiyatlı və çoxvektorlu Tokayevdənsə açıq şəkildə qərbyönümlü siyasətçinin olması daha məqbuldur. İstisna deyil ki, Qərb Qazaxıstandan dəqiq mövqe ortaya qoymağı tələb edə bilər – ya bizimlə, ya da Rusiya ilə olmalısan.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın