Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyev metrosunun stansiyalarından birində yerli və xarici ölkələrin jurnalistləri üçün mətbuat konfransı keçirib. 

YALAN.info bildirir ki, Baku TV-nin müxbiri Ukrayna Prezidentindən Azərbaycanın Ukraynadakı müharibədə rolunu necə dəyərləndirdiyini, Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlardakı təcrübəsindən nə qədər yararlandığını və “Bayraktar”ların Rusiyaya qarşı müharibədəki rolunu necə qiymətləndirdiyini soruşub.

Suallara cavab verən V.Zelenski bildirib ki, Ukraynanın istər Azərbaycan, istərsə də Türkiyə ilə yaxşı münasibətləri var: “Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini sərgiləyir. Türkiyə açıq-aydın bəyan edir ki, güvənlik təminatçısı ölkələrindən biri olacaq”. 

Ukrayna Prezidenti Azərbayacan Prezidenti İlham Əliyevin Ukraynanı hər zaman dəstəklədiyini diqqətə çatdırıb: “Azərbayacan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir. Azərbaycan bizə humanitar, tibbi yardım edib. Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq olar, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və çətindir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.

“Bayraktar”ların roluna toxunan Ukrayna Prezidenti bildirib ki, ölkəsi Türkiyə ilə ortaq dron istehsal edir: “Biz bu texnikadan istifadə edirik. Ancaq mən “Bayraktar”lara və ümumiyyətlə bütün hərbi texnikalara olan hörmətimə baxmayaraq sizə səmimi olaraq dəmək istəyirəm ki, bu, başqa bir müharibədir. Bütün mütəxəssislər deyir ki, bu müharibəni daha öncə baş verən heç bir hərbi əməliyyatlarla qarşılaşdırmaq olmaz. Buna oxşar müharibə olmayıb.

Dronlar kömək edə bilər, ancaq onlar nəticəyə birbaşa təsir etmir. Rusiya daha öncə başqa ölkələrin ərazisində apardığı heç bir müharibədə bu qədər dağıntılar həyata keçirməyib. Bu sayda hərbi texnikanın cəlb edilməsi, bu qədər işgəncə, zorakılıq heç bir zaman törədilməyib. Allah etsin ki, bir də heç yerdə olmasın. Tale belə gətirdi ki, bu cinayətləri durdurmaq vəzifəsi ukraynalıların canı bahası hesabına, bizim üzərimizə düşdü”.

Zelenski BAKU TV-nin suallarını cavablandırdı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın