Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə çalışıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur ediliblər.

“Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və uyğun işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə, tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir”, – deyə məlumatda bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın