Dünyaca tanınmış Azərbaycan əsilli fransalı fotojurnalisti Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı Publika.az saytına müsahibə verib:

– Reza bəy, Qanlı Yanvarın həm canlı şahidi, həm də bu qara xəbəri dünya mətbuatına yayan fotojurnalistsiniz. O günləri xatırlamağınızı rica edirəm. 

– 20 Yanvar faciəsi xəbəri gələndə Parisdə idim. Tələsik sovet vizası alıb, fransız jurnalist kimi Bakıya gəlməyə qərar verdim. Ancaq Moskvadan Bakıya getməyimizə icazə vermədilər. Moskvadakı səfirliyimizə getdim. Orada da səfərimin imkansız olduğunu bildirdilər.

Yadımdadır, həmin vaxtlar rəhmətlik Ramiz Abutalıbov Parisdə yaşayırdı. Onun da mənə çox köməyi dəymişdi. Nəhayət, mən və bir neçə azərbaycanlı qatara minib Bakıya yollandıq. Düz 47 saat yol gəldik. Bakı vağzalında sovet ordusu gələn-gedən hər kəsi yoxlayırdı.

Məni gətirən soydaşlarımızın köməyi ilə gizlincə şəhərə keçə bildim. Kimliyini bilsəydilər, heç yaxşı olmazdı. Bir neçə gün ərzində 20 Yanvar faciəsinin ən ağır məqamlarını obyektivə köçürdüm. Morqlara getdim, bütün faciələri gözümlə gördüm. Ailələr gəlib vəfat etmiş doğmalarını axtarırdılar. Xəstəxanalar bərbad durumda idi. Ancaq özümü Şəhidlər Xiyabanına çatdıra bildim. Orada şəhidlərimizin 3 mərasimi baş tutdu. Fotolar çəkirdik ki, dünya bu faciəni görsün. 

Parisə qayıdandan sonra məlum oldu ki, Qanlı Yanvar hadisəsi heç bir jurnal və ya qəzetdə dərc olunmayıb. Əhməd adlı türk dostum vardı. O da 20 Yanvarın ən gizli məqamlarının videolarını çəkmişdi. Əlimizdə olan bütün məlumatları Amerika, Avropa mediasında paylaşmağa başladıq. Bu xəbər bir anda hər yana yayıldı. Çünki bizim əsas məqsədimiz bu idi ki, dünya insanı 20 Yanvardan mütləq xəbər tutsun.

– Həmin dövrdə nəinki bu informasiyanı yaymağınız, hətta Bakıya gəlməyiniz də böyük təhlükə idi. 

– Doğrudur, gəlməyim olduqca təhlükəli idi, ancaq bunu mən etməsəm, kim edəcəkdi?! Bütün şəhidlərimizin ruhu şad olsun. Onların xatirəsi əzizdir. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın