Nüfuzlu “Reuters” nəşri Azərbaycanın işğal olunmuş torpaqlarından qaçqın düşən Azərbaycanlılarla bağlı geniş material hazırlayıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məqalədə azərbaycanlı qaçqınların fikirləri, onların Qarabağa qayıtmaq arzusu işıqlandırılıb.
Dədə-baba yurduna qayıtmaq arzusu ilə yaşadığını qeyd edən 85 yaşlı Həsən Əhmədov indi Azərbaycan Ordusunun Qarabağda apardığı əməliyyatlarla bu arzuya bir addım da yaxınlaşıldığını vurğulayıb. Cəbrayıl sakini işğaldan azad olunmuş kəndinə qayıtmaq üçün ərazilərin təmizlənməsini və evlərin bərpasını gözlədiyini bildirib.
Bütün dünyada Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı faktının vurğulandığı yazıda, həmçinin 27 sentyabrdan başlanan döyüşlərdə atəşkəs cəhdlərinin üç dəfə uğursuz olduğu vurğulanıb.
Nəşrin müsahibə aldığı azərbaycanlılardan biri olan 33 yaşlı Nemət Səmədov isə bildirib ki, kəndləri azad olunduqdan sonra Bakı artıq onun üçün yadlaşıb.
Yazıda həmçinin Bakının demək olar ki, hər yerində Azərbaycan bayraqlarının asıldığı, radioların efir vaxtının böyük hissəsini vətənpərvər mahnılara həsr etdiyi də özəl olaraq vurğulanıb.