“Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidmətinin bəyanatında deyilib.

Qeyd edilib ki, özügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün başqa uyğun normativ hüquqi aktlara ziddiyyət təşkil edib.

Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.

Ermənistan XİN-in “dirçəliş” kimi dəyərləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər boyunca davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb. Bu durum bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib.

Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir.

Azərbaycan XİN Ermənistan tərəfinin nəzərinə çatdırır ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın