Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalının efirində jurnalistlərin suallarını cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı gecə saat 3-dək yatmadığını, qarın yaratdığı problemlərlə bağlı hadisələri izlədiyini, uyğun qurumlarla daim əlaqə saxladığını bildirib.

Ərdoğan bir müddət öncə İrandan Türkiyəyə qaz verilişinin dayandırılmasını da şərh edib. O, ölkəsinin İslam Respublikasına borclu olmadığını bəyan edib. “Bizim İrana heç bir borcumuz yoxdur. İran prezidenti ilə görüşümdə dedilər ki, nasazlıq səbəbindən 10-15 gün gecikmə olacaq. İndi İranda qış şəraiti sərtdir. Onlar da bu duruma görə çətinlik çəkdiklərini bildiriblər”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti Ukrayna böhranına da toxunub və gərginliyin dərhal bitməsini istədiklərini vurğulayıb.

“Bölgə bizim bölgəmizdir. Biz istəyirik ki, indiki gərginlik yeni böhrana çevrilməmiş bitsin. Mən bu mesajları dövlət başçılarına çatdırmışam və bundan sonra da çatdıracağam. Biz regionumuzda sülh və sabitlik istəyirik. Əgər istəsələr, iki ölkənin liderlərini ölkəmizdə bir araya gətirməklə sülh mühiti yarada bilərik. Region qeyri-sabitlikdən yetərincə çətinlik çəkib. Biz daha çox ağrı və müharibə istəmirik. Arzumuz problemin dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz tərəflərin konstruktiv fəaliyyət göstərməsi üçün çağırışlarımızı davam etdiririk. Bununla belə, NATO üzvü olaraq üzərimizə düşəni yerinə yetirməyə də hazırıq”, – deyə dövlət başçısı bildirib.

“Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə lap əvvəldən dəstək verib. Rusiyanın Krım başda olmaqla Ukraynanın ərazi bütövlüyünə zərər yetirən addımlarına qarşı bəlli bir mövqe nümayiş etdirdik. Bu mövqeyimizin dəyişməsi mümkün deyil”, – deyən dövlət başçısı yada salıb.

Ərdoğan Rusiyanın Ukraynaya silahlı hücum etməyəcəyinə, işğala əl atmayacağına ümid etdiyini qeyd edib: “Belə bir addım nə Rusiya, nə də bölgəmiz üçün ağılla iş ola bilməz. Biz Rusiyaya onun bir sıra tələblərinin niyə qəbuledilməz olduğunu izah etməliyik. Onunla ikitərəfli danışıqlar apararaq müəyyən addımlar atmaq istəyirik”.

Həmçinin, Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət etdiyini və ondan cavab gözlədiyini qeyd edib. Prezident qeyd edib ki, Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasının satınalma prosesi davam edir və bu mövzuda geri addımdan söhbət gedə bilməz: “Türkiyənin kimdən nə almağına xaricdən qərar verilə bilməz. Buna biz özümüz qərar veririk”.

R.T.Ərdoğan Türkiyənin Aralıq Dənizi mövzusunda İsrail ilə də gərəkli hər bir addımı atmağa hazır olduğunu bildirib. “İsrailinin bu mövzuda atdığı addımları görürük və İsraillə də bu sahədə lazım olan hər addımı atmağa hazırıq. Belə ki, prezident Herzoqun fevral ayında Türkiyəyə bir səfərini gözləyirik. Bu səfər ilə İsrail və Türkiyə münasibətlərində yeni bir dövr başlaya bilər”- deyə Ərdoğan qeyd edib.

CUMHURBAŞKANI ERDOĞAN ÖZEL RÖPORTAJI

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın