“Əvvəlcə fürsətdən istifadə edərək bütün gəncləri və gənclər sahəsində fəaliyyət göstərən hər bir həmkarımı Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm! Onlara yeni uğurlar, yeni nailiyyətlər arzu edirəm”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Səs İnformasiya Agentliyinə (SİA) açıqlamasında “ASAN Könüllüləri” Təşkilatının sədri və Azərbaycan Könüllü Təşkilatları Birliyinin baş katibi Emiliya Bayramova deyib.

O bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir:

“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir ki, biz gənclər olaraq dövlətimizin bizə hərtərəfli dəstək və qayğısını əsaslı şəkildə görə bilirik. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər və könüllü təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan imkanlar bu sahəyə böyük diqqətin bariz nümunəsidir.

Bu gün Azərbaycan gəncləri vətənpərvərdir, savadlıdır, fəaldır və mübarizdir. Hər il olduğu kimi bu il də elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, innovasiya və başqa sahələrdə fərqlənən 10 gənc prezident mükafatına layiq görülmüşdür. Fəxrlə qeyd etmək istəyirəm ki, bu gənclər arasında mən də varam.

Artıq 5 ildir ki, gənclər və könüllülər sahəsində fəaliyyət göstərən, beynəlxalq platforma və tədbirlərdə ölkəmizi təmsil edən bir gənc olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclərin bütün sahələrdəki fəaliyyəti ən yüksək şəkildə dəstəklənir. Biz də gənclər olaraq dövlətimizin ali diqqət və qayğısını daim öz üzərimizdə hiss edərək göstərilən etimadı layiqincə doğrultmağa çalışırıq”.

Prezident mükafatçısı onu da qeyd edib ki, gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də könüllülük fəaliyyətidir:

“Könüllülük – Vətənə sədaqətin, xalqa və mənəvi dəyərlərə bağlılığın, dövlətə təmənnasız sevginin göstəricisidir. Azərbaycanda da könüllülük hərəkatı sistemli şəkildə ASAN Könüllüləri hərəkatından başlamışdır. Bu gün ASAN könüllülərinin sayı artıq 29 mindən çoxdur. Bu günə qədər ASAN könüllüləri tərəfindən vətənpərvərlik, təhsil, ekologiya, sosial, səhiyyə, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 750-dən çox layihə və 5000-dən çox təlim və seminar həyata keçirərək 100 mindən artıq gənci əhatə etmişdir.

Bu gün Azərbaycan Gəncləri Gününün 25 illiyində mənim timsalımda ASAN könüllülərinin belə bir ali mükafata layiq gördüyü üçün Cənab Prezident İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk!”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın