Novruz bayramının təmtərağı bir, ya da bir neçə günlə bitmir. Görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib elə bu kimi amillərə baxaraq yazırdı: “Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən keçmiş azərbaycanlı əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üsgü”, ikinci üçünə “doğru üsgü”, sonuncusuna isə “ilin axır çərşənbəsi” deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi. Araşdırmalardan görünür ki, bütün bu adət və dəblər qışın olabiləcək qədər tez çıxması üçün vaxtilə edilən sehr və əfsunların indi qismən unudulmuş, qismən də başqa təsirlər nəticəsi olaraq qarışmış qalıqlarından ibarətdir. Bu sehr və əfsunlarla qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, sonunda, axır çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni yazın ilk gününü isə elliklə bayram edir”.

Oğru (Yalançı) Çərşənbə Nədir?

Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən öncə ölkəmizin bir sıra bölgələrində Yalançı çərşənbə də keçirilir. Hələ M.H.Təhmasibin dediklərinə qaynaqlansaq, onun “oğru üsgü” adı altında göstərdiyi oğru (yalançı) çərşənbənin sayı üç olmuşdur. Bura onu da qoşaq ki, Əhməd bəy Ağaoğlunun da bununla bağlı belə bir qeydi var: “21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”. Belə olan təqdirdə ilk Yalançı çərşənbədən son Doğruçu çərşənbəyə – yəni ilin Novruzdan qabaqkı axırıncı çərşənbəsinə qədər olan müddət 42 günü (yuvarlaq rəqəmlə götürsək, 40 günü) əhatə edir. Altı həftəlik müddətə isə bu həftələrin o başının da, bu başının da – yəni başlanğıc sərhədi ilə qurtarma sərhədinin çərşənbə axşamı ilə başlanıb qurtarmasını hesaba aldıqda, yeddi çərşənbəni əhatə etdiyi aydın olur. Çərşənbə anlayışının bir adının da, bir mənasının da çillə olduğunu nəzərə alsaq, çillə sözünün də qırx demək olduğunu yada salsaq, burada üst-üstə düşən eyniliklərin bir-birlərini doğruladıqlarını aydın görərik. “Oğurluqla yalançılığın arası qırx gün çəkər” deyimimizi də bu araya gətirsək, onda Novruz öncəki ilaxır çərşənbəyə qədərki Yalançı çərşənbənin arasının (zaman məsafəsinin) haradasa qırx günlük bir müddəti əhatə etməsi məntiqlə qanunauyğunluq təşkil edir. Yəni Yalançı çərşənbə özünü qırx günədək doğrultmalı və qırx günlük vaxta kimi doğruçu çərşənbələrin yekununda tamamlanmalıdır ki, bunun nəticəsində də Novruz bayramı gəlib yetişsin.

Yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. Yalançı çərşənbə doğruçu çərşənbənin gələcəyinə xəbərdaredici siqnal verir. Xaotik aləmdən nizamlı dünyaya keçid üçün mesaj verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından da təxminən qırx günlük (ondan bir az artıq) müddət ötmüşdür. Xalqımız isə “yaman günün ömrü az olar” deyib. Məhz bu yaman gün – təxminən qırx gün artıq geridə qalmışdır. Bu isə o deməkdir ki, qırx gündür ki, təbiət də, insanlar da xaotik bir durumda qalmışdılar. Bu xaotik vəziyyətdə qalmaq isə (yaman gündə qalmaq) çox davam edə bilməz. Əgər çox davam edərsə, kainatın nizamı, kosmik dünyanın ahəngi pozulmuş olar. Məhz sosial sferada sabitliyi bərpa etmək üçün hansısa bir oyanma hissi baş qaldırmalıdır. Bu oyanma isə birdən-birə yox, təbii tədrici proses kimi baş verməlidir. Bunun üçün də təhtəlşüurda ilkin hərəkət mexanizmi işə düşür, Yalançı çərşənbə ayinləri bu mexanizmi hərəkətə gətirir.

Bəs bu, necə olur? Bunun üçün doğruçu çərşənbələr hesab olunan, təbiəti və cəmiyyəti nizamlı dünyanın bərpasına yönəldən dörd ilaxır çərşənbənin şənlik dolu təmtərağından fərqli olaraq, Yalançı çərşənbə başını aşağı salıb sakit tərzdə öz işini içindən görməyə başlayır. Beləliklə, Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə güc, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Belə ki, Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz vədəsində ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini – bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir. Bundan başqa, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi səhər yerindən durub su üstünə gedilməz, bunun kimi başqa ayinlər də icra edilməz. Bütün bunlar və bunlara oxşar fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan anlamı özündə daşıdığını göstərir.

Yalan doğrunun əks qütbü, aldanış tərəfidir. Başqa sözlə, yalan həqiqətin astar üzüdür. Bu anlamda Yalançı çərşənbə xaos dünyasının ritmik hərəkətdə olan zahiri simasının görüntüsüdür. Yalançı (xaos) simanın görünməsi həm də yalanın ifşasıdır. Yalanın üzə çıxması mahiyyətdə həqiqətin, gerçəkliyin ortaya çıxmasına səbəb olan amildir. Bir sözlə, yalançı çərşənbə xaosu təmsil edən qış dünyasının – Qış fəslinin simasını cəmiyyətdə diqqət mərkəzində canlandırmaqla nizamlı dünyanın təmsilçisi olan Yazın gəlişinə zəmin yaradacaq doğruçu çərşənbələrə keçid funksiyasını yerinə yetirir. Od, ocaq, işıq xalqımızın təfəkküründə həmişə və hər yerdə müqəddəs tutulub. Yalançı çərşənbə tonqalı da xaosdan kosmosa (yalançı, qarmaqarışıq dünyadan nizamlı dünyaya) düşən müqəddəs işığı əks etdirir.

Yazar: Şakir ALBALIYEV,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın