Bu gün böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulan heykəlinin açılışı olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

Bildirək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edilib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.

XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçərişəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Umxanımın ailəsində dünyaya göz açmışdır. Hələ uşaq ikən Zeynalabdin anasını itirmiş və atasının himayəsində yaşamışdır. Ailəsinə kömək məqsədilə balaca Zeynalabdin tikintidə çalışır, gündə 5-6 qəpik pul qazanırdı. Artıq 15 yaşına çatdıqda, o, bənnaçı sənətini mənimsəyir.

1873-cü ildə getdikcə artan ajiotaj şəraitində H.Z.Tağıyev müstəqil olaraq neft işində bəxtini sınamaq qərarına gəlir. O, şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır. Uzun müddət qazma işləri aparılmasına baxmayaraq neft görünmür. Lakin H.Z.Tağıyev ruhdan düşmür və qəribə bir inamla axtarışı davam etdirir, hətta qazma işlərində şəxsən iştirak edir.

1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurur. Hacı Bakının ən varlı adamlarından birinə, onun az tanınan mədəni isə böyük müəssisəyə çevrilir. XIX əsrin 80-ci illərində H.Z.Tağıyevin firması 10 mln. pud (1 pud = 16,38 kq) neft hasil edirdi, 1893-cü ildə hasilat 20 mln. puda çatmış, 1896-cı ildə isə 32 mln. pudu keçmişdi. “Rotşild qardaşları” Paris bankir evinin məlumatına görə, H.Z.Tağıyevin 20 mln. rubla qiymətləndirilən neft işi “əla və indiki gəlirləri çox idi”.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

Ancaq H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. Elə buna görə hələ sağlığında Hacı “El atası” adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin önəmli problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdi.

H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak etmişdir. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu. H.Z.Tağıyev 1901-ci ildə ingilis mühəndisi V. Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırımış və 1917-ci ildə Bakıya içməli su gətirən kəmər istifadəyə verilmişdi.

Maarifin yayılması kimi önəmli bir problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş yer tuturdu. Bu sahədə fəal iştirakına görə Hacı Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi, Tiflis şiə müsəlman məktəbinin fəxri nəzarətçisi təsdiq olunmuşdu.

H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər – Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.

Ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı idi və təkcə Bakı ilə məhdudlaşmırdı. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edirdi.

H.Z.Tağıyevin gördüyü önəmli işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olmuşdur.

1873-cü ildə Azərbaycan tarixində əlamətdar hadisə baş verdi – milli teatrın əsası qoyuldu. Onun təşəkkülündə H.Z.Tağıyevin də böyük rolu olmuşdur. Belə ki, xalqın maariflənməsində, mədəni səviyyəsinin və doğma dilinin inkişafında teatrın önəmini yüksək dəyərləndirən Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binasını tikdirdi.

Öz əmisi qızı olan Zeynəb xanımla birinci nikahdan H.Z.Tağıyevin üç övladı dünyaya gəlmişdir: İsmayıl, Sadıx və Xanım. 1896-cı il iyunun 28-də o, general-mayor Balakişi Ərəblinskinin qızı Sona xanımla evlənmişdir. Bu nikahdan onların beş övladı doğulmuşdur: Leyla, Sara, Məmmədtağı, Məmmədkazım və Sürəyyə.

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılmasını alqışlayan H.Z.Tağıyev müstəqil milli dövlətçilik mənafelərini dəstəkləmiş, təntənəli dövlət tədbirlərində iştirak etmişdir. O, yüksək səviyyəli dövlət qonaqlarını öz yaşayış mülkündə qonaq etmişdir. Məhz Cümhuriyyət dövründə H.Z.Tağıyev öz böyük arzularından birinin – Bakıda ali təhsil ocağının açılmasının şahidi oldu.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra H.Z.Tağıyevə məxsus bütün yaşayış və ictimai binalar, sənaye müəssisələri müsadirə olundu. İlk vaxtlarda hökumət ona ailəsi ilə birgə Mərdəkan bağ mülkündə yaşamağa icazə vermişdi. Xalq Komissarları Sovetinin sədri N.Nərimanov Azərbaycanda fəaliyyəti dövründə onu bütün təzyiqlərdən qoruyurdu.

H.Z.Tağıyev Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabırın 1-də vəfat etmişdir. O, böyük hörmət bəslədiyi Axund Mirzə Abuturabın qəbri yaxınlığında dəfn edilib. N.Nərimanov Moskvaya getdikdən sonra H.Z.Tağıyevin başsız qalmış ailəsi İçərişəhərdə özünün kiçik evlərinin birində yaşamağa məcbur oldu.

Sonrakı illərdə H.Z.Tağıyevin adı uzun müddət unudulmağa məhkum edildi. Ailə üzvləri təqiblərə, bir qismi repressiyalara məruz qaldı. H.Z.Tağıyevin fəaliyyəti öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda aldı. Onun adı küçələrə, təhsil, sənaye müəssisələrinə verildi, şərəfinə abidələr ucaldıldı.

H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın