Komandir heyətinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na uyğun olaraq keçirilən komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin bölmələri idarəetmə bacarıqlarının artırılmasına və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında  özünəinam hissinin aşılanmasına yönəldilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində keçirilən məşğələlərdə yanğınsöndürmə avtomobillərinin və yanğın-texniki avadanlıqlarının, xilasedici qayıqların və başqa vasitələrin taktiki-texniki özəllikləri, istismar qaydaları, texniki xidmət və təmiri haqqında, xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi qaydaları ilə bağlı məlumat verilib.

Qəzaların aradan qaldırılması, yanğınların aşkar edilməsi və söndürülməsi, şəxsi heyətin, silah və texnikanın, əmlakın mühafizəsi və təhlükəsiz təxliyəsi üzrə keçirilən məşğələlər zamanı beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi ilə axtarış-xilasetmə, qəza-xilasetmə və başqa təxirəsalınmaz işlərin aparılması ardıcıllığı, qayda və üsulları praktiki olaraq göstərilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində Vətən Müharibəsi zamanı qazanılmış təcrübəyə əsasən taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib. Əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində önəmliyi vurğulanıb.

Müasir tank texnikalarının gecə və gündüz şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən və maneələrdən keçməklə şərti düşmənin atəş zərbələrindən qorunması və atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.

Birləşmə, hissə və bölmələrin maddi-texniki vasitələrlə təmin edilməsi ilə yanaşı döyüş sahəsindən və təbii maneələrdən zədələnmiş texnikanın təxliyəsi, yenidən istifadəyə hazır duruma gətirilməsi və təmir emalatxanalarının fəaliyyəti sualları işlənilib.

Məşğələlərin sonunda zabitlərin məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı uyğun tapşırıqlar verilib.

Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərMila Kunis və əri Eşton Katçer ukraynalılar üçün 30 milyon dollar yığacaqlar
Sonrakı xəbərRusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın