Seçki məntəqələrinin 93,32 faizindən daxil olan məlumatlar əsasında prezident seçkisinin ilkin nəticələri açıqlanıb.

YALAN.info bildirir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan toplantıda məlumat verib.

Vurğulanır ki, həmin nəticələrə görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 səs faizi ilə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19% faizini, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8%, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2% Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53% faizini toplayıb.

Daha öncə verilən məlumata görə, Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesi axşam saat 19:00-da başa çatıb. ABŞ-nin “Oracle Advisory Group” təşkilatının açıqladığı “exit-poll”un izləməsinə görə, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Yada salaq ki, Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri milli dövlətçilik tarixində Qarabağ işğaldan azad edildikdən sonra ilk dəfə reallaşdığı üçün tarixi hadisədir. Belə ki, Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər daxil olmaqla işğaldan azad edilən bütün rayonlarda seçki məntəqələri fəaliyyət göstərib.

Onu da bildirək ki, dövlət başçısı və prezidentliyə namizəd İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndidə səs verib. Bu, dövlətçilik baxımından çox önəmli bir addımdır. Prezident işğaldan azad olunmuş ərazilərdə önəmli siyasi kampaniya keçirməklə bölgədə Azərbaycan Konstitusiyasının bərpa edildiyini bir daha sərgilədi. Bu, son zamanlar Azərbaycana qarşı təxribat aparmaq istəyənlərə də bir ismarışdır. Prezident bununla bölgəyə köçürülən sakinlərin təhlükəsizliyinin təmin olunduğunu da isbatlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın