Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar alınıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 5-də səhər saatlarında alınmış məlumatın yoxlanması üçün qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına çalışılıb. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Ermənistan Respublikasının təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları – Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi heç bir şərtsiz və tam təmin edilməlidir. MN bildirir ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Nazirlik Rusiya sülhməramlı kontingentinin komandanlığının bir daha yadına salır ki, başqa marşrutlar üzrə hərbi və başqa təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.

MN yada salır ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, başqa hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. Əlavə olaraq bildirilir ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir.

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində uyğun nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın