“Son bir ildə Şuşa möcüzəvi şəkildə dəyişib. Şəhər bərpa olunur və 30 ilə yaxın işğaldan sonra xarabalıqdan çiçəklənən məkana çevrilir”.

YALAN.info bildirir ki, bu sözləri israilli jurnalist Reyçel Avraam Şuşa şəhərinə bu yaxınlarda etdiyi səfərdən sonra təəssüratlarını bölüşdüyü “Jewish Press” and “Foreign Policy Blogs” nəşrlərində yayımlanan məqalələrində yazıb.

Onun sözlərinə görə, bu, Şuşaya ikinci səfəridir. O, keçən yay İsrailin keçmiş rabitə, kibertəhlükəsizlik və peyk rabitəsi naziri Ayub Kara ilə Qarabağa səfər edib.

“Son bir ildə bu rayonun nə qədər yaxşılaşdığını görəndə çox təəccübləndim. Birincisi, indi Bakıdan Şuşaya getmək üçün normal yollar var. Keçən yay belə yollar yox idi. Ona görə də mən minalanmış ərazilərdən keçən çoxlu çuxurların olduğu torpaq yollarla getməli oldum. Hətta bir nöqtədə yolda qaldım və Azərbaycan hərbçiləri tərəfindən xilas edildim”, – jurnalist yazıb.

R.Avraam vurğulayır ki, indi Azərbaycanın çəkdiyi gözəl yollar sayəsində Bakıdan Şuşaya səkkiz saatlıq yol beş-altı saata çevrilib: “Üstəlik, yol boyu ərazi çox yaxşılaşıb. Keçən il xəyallar şəhərindən başqa bir şeyi xatırlatmayan Füzuli şəhərində tikinti işləri gedir”.

Onun fikrincə, ərazinin od tutub yanmasından, ağacların kökündən qoparılmasından, evlərin dağıdılmasından, əkin sahələrinin yandırılmasından sonra indi təbiət də bərpa olunmağa başlayır. “İndi Şuşaya gedən yolda yaşıllıqları, gülləri görmək olar, hərçənd evlər hələ də xarabalığı yada salır”, – jurnalist təəssüratlarını bölüşür.

O, belə qısa müddətdə Şuşada beşulduzlu “Qarabağ” mehmanxanasının istifadəyə verilməsinə, Şuşa qalasının bərpa edilərək əhalinin istifadəsinə verilməsinə, hətta bazarın olmasına heyran qalıb.

“Yerli ibtidai məktəb təmir olunub. Ötən ilin yayında, biri istisna olmaqla, demək olar tamamilə dağıdılan və təhqir edilən məscidlər bərpa edilir. Ümid edirəm ki, beş ildən sonra bu şəhər Azərbaycanın əsl mədəniyyət paytaxtı kimi çiçəklənəcək”, – R.Avraam qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın