Fransada bir müddətdir davam edən hökumət böhranı yeni fazaya qədəm qoyub. Belə ki, baş nazir Elizabet Born istefa verib. Bu istefa Makron hökumətinin artıq tənəzzül dövrünün pik həddində olduğunu bir daha sübut edir. Çünki Emmanuelin hakimiyyətdə olduğu 7 il ərzində Borndan başqa 3 baş nazir də istefa verib.

Makron hakimiyyətinin iflası – etirazlar, siyasi təzyiqlər

Son illər Fransanı bürüyən etirazlar, siyasi təzyiqlər, Afrikadakı problemlər, müstəmləkələrdə baş verən iğtişaşlar, səfirlərin qovulması kimi hallar əslində Makron hökumətinin iflasa uğramasından xəbər verir. Gözlənilən kadr dəyişikliyi bu yay Paris Olimpiadası və Avropa Parlamentinə seçkilər ərəfəsində baş verir, burada Makronun mərkəzçi qüvvələri Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçılar tərəfindən məğlub olmaq riski daşıyır.

Bornun istefasından sonra isə Fransa prezidenti yeni baş nazir təyin edib. Bu, 34 yaşlı Qabriel Attaldır. Siyasi dairələrdə ərköyün varlı uşaq, Makronun davamçısı kimi tanınan Qabriel eyni zamanda homoseksualdır və tarixi inqilablarla zəngin Fransanın ən yeni tarixinə ilk açıq homoseksual kimi düşmək şansına sahib olub.

Attal artıq siyasi çevrələrdə prezident postuna potensial namizəd kimi qəbul edilir. Makronist Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahında yaşayan siyasətçi qatı ermənipərəst kimi də tanınır. Cütlük Parisdə bir mənzildə birlikdə yaşayır.

Ancaq maraqlı bir fakt var ki, siyasətçi bir müddət müğənni qadın Coys Conatanla da sevgi macərası yaşayıb. Cütlüyün ehtiraslı sevgi romanı barədə Parisin bulvar qəzetlərində məqalələr yazılıb. Amma sonradan siyasətə atıldıqdan sonra, yəni nazir təyin edildikdə qəflətən orientasiyasını dəyişərək Stefanla evlənmək qərarına gəlir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, siyasi fəal Xuan Branko keçmiş sinif yoldaşını ifşa edərək onun homoseksual olduğunu 2018-ci ildə aləmə car çəkib.

Kimdir Attal? Onun atası İv Attal əslən Tunisdəndir. Anası Mari de Kuriss isə Odessadan qaçan emiqrant ailəsinin övladıdır.

Siyasi karyerası boyu dəfələrlə sosial şəbəkələrdə antisemit və homofob bəyanatların hədəfinə çevrilib. O, bunu etiraf etməkdən də utanmır. Eyni zamanda Makronla da oxşarlıqları kifayət qədər çoxdur. Attal 9 yaşı olanda sinif qarşısında çıxışını evdə videolentə alaraq bu günə qədər saxlayıb. Müəllimi Bricitə aşiq olan Makron da uşaqlıqda məktəb dövründə aktyorluqla məşğul olub.

Təsadüfi deyil ki, bu oxşarlıq da əslində saxtadır. Çünki Attalın sinif yoldaşlarından biri xatirələrində belə deyib: “Qabriel, müdirinin izi ilə getməyi sevən mini-Makrona bənzəyir. İnsanlar təmiz obrazı sevirlər, lakin Gabriel əslində daha qeyri-ənənəvidir və ənənəvi dəyərlərə meydan oxumaqdan xoşbəxtdir. Attal 2008-ci ildə lentə alınan “Gözəl əncir ağacı” və 2019-cu il istehsalı olan “Sizin növbəniz danışır” kimi filmlərdə epizodik rollara çəkilib.

Bundan başqa Fransa siyasətində opponentləri onu harınlamış varlı uşağı kimi xarakterizə edirlər. Bunu deməyə isə əsasları var. 2020-2021-ci ildə dünya COVID-19 pandemiyası ilə mübarizə aparırdı və qapanmalar tətbiq olunurdu. O dövrdə isə Attal hökumətin nümayəndəsi postunu tutsa da, baş verən qalmaqalın mərkəzinə düşməyi bacarmışdı.

Məsələ burasındadır ki, Fransanın M6 telekanalı gizli kamera ilə Parisin prestijli yaşayış məntəqələrindən birində yerləşən dəbdəbəli klubdan reportaj hazırlayaraq efirə verir. Məlum olur ki, hər yer qapalı olsa da, bu gizli məkan nazirlər və deputatlar üçün fəaliyyət göstərir. Menyunun qiyməti isə adambaşına 160-490 avro arasında dəyişib.

Məkana girənlər maskalarını çıxarırdı. Nə ofisiantlar, nə də müştərilər tibbi maskadan istifadə edir, sosial məsafə gözləyirdilər. Klub isə hər gün nahar və şam yeməyi üçün qonaqlarına qapılarını açırdı. Məkanın sahibi isə fevral ayının sonunda hakimiyyətdəki dostlarından, özəlliklə də Qabriel Atalldan ağızdolusu danışır, məkanına gələcəyini bildirir.

Göründüyü kimi, pandemiya dövründə hökumətin nümayəndəsi olan şəxs özü qoyduğu qaydaları şəxsi ambisiyaları, zövqü üçün tapdayır. Belə bir insan Fransa hökumətini hansı meyar və dəyərlərlə idarə edəcək?

Radikal islamofob, qərəzli siyasətçi, erməni lobbisinin əlaltısı

Maraqlıdır ki, Qabrielin qalmaqalları bununla da bitmir. Fransada təhsil naziri təyin ediləndən bir müddət sonra, ötən il 27 avqust tarixində təhsil müəssisələrində ənənəvi qadın müsəlman geyimindən istifadəni qadağan edib. Bu isə ölkədə böyük qalmaqala və tənqidlərə, ciddi narazılıqlara səbəb olmuşdu. Onun bu addımı “Yaşıllar” və sol görüşlü partiyalar tərəfindən ciddi tənqid edilərək növbəti absurd və qadın geyimi üzərindən süni dini savaş kimi xarakterizə edilib. Bu, islamofobiyadan başqa bir şey deyil. Əhalisinin önəmli bir hissəsi müsəlman ölkənin baş nazirinin islamofob olması yəqin ki, yaxşı hal sayılmır.

Əlavə etmək yerinə düşər ki, Attal ermənipərəstdir və siyasi dairələrdə karyera yüksəlişində erməni lobbisinin xüsusi xidməti var. Bu xidmət qarşılığında isə siyasətçi əlinə fürsət və uyğun tribuna düşən kimi Azərbaycan əleyhinə bəyanatlar səsləndirməklə “təşəkkür edib”.

Məsələn, 2021-ci ilin 18 may tarixində hökumətin nümayəndəsi olan Qabriel Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) Fransa Milli Assambleyasının binası qarşısında Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin azad edilməsi tələbi ilə təşkil etdiyi toplantıda cani-qəlbdən iştirak edib. Qabriel Attal Azərbaycanın Ermənistan ərazisi ilə bağlı təxribatına ilk olaraq Fransa prezidenti Emmanuel Makronun cavab verdiyini və aydın bəyanatla çıxış etdiyini bildirib.

Siyasətçi qeyd edib ki, onlar aşağıdakı əsas prioritetləri rəhbər tutaraq fəaliyyətini davam etdirəcəklər: beynəlxalq hüquqa zidd olaraq yeni işğala məruz qalan Ermənistan ərazisinin bütövlüyünü qorumaq, erməni əsirlərinin probleminin həlli yolunu tapmaq. Bəyanatdan da göründüyü kimi, “müdiri” Emmanuel Makronun siyasi xəttini davam etdirərək, ermənipərəst mövqedən çıxış edir və 2-3 cümləlik çıxışı qərəz və böhtanlarla doludur.

Birincisi, sözügedən hadisələrdə təxribatın Ermənistan ordusu tərəfindən törədildiyini hər halda çox gözəl bilir. Çünki Avropa Birliyi müşahidəçiləri Qərbi məlumatlarla tam təmin edirlər. İkincisi, Azərbaycan dəfələrlə Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını müxtəlif platformalarda müxtəlif rəsmiləri tərəfindən bəyan edib. Siyasətə atılan şəxsin açıqlama verdiyi məsələ barədə bu qədər məlumatsız olması fransız siyasətçi üçün utancvericidir. Üçüncüsü, Azərbaycanda hərbi əsir yoxdur. Saxlanılan şəxslər müharibədən sonrakı dövrdə ölkəmizin ərazisinə silahla soxulduqları üçün tutulublar və layiqli cəzalarını gözləyirlər.

Yuxarıda sadalananlardan məlum olur ki, islamofob, homoseksual, ermənipərəst bir şəxsin Fransa nazirlər kabinetinə rəhbər təyin olunması, 2027-ci ildə prezident postuna ümidlənməsi Yelisey sarayını daha da uçuruma aparacaq siyasi gedişdir. Əgər hadisələr bu tendensiya ilə davam etsə, yaxın illərdə Fransadakı sosial, daxili problemlər daha da dərinləşəcək və xarici siyasət uğursuzluqları bir-birini əvəz edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın